Siyasət 2-12-2025, 09:16

Bakı yeni strategiyanın konturlarını ortaya qoyur

Bakı yeni strategiyanın konturlarını ortaya qoyur
Azərbaycanın müharibədə əldə etdiyi qələbəni sülhdə də davam etdirmək hədəfi bu gün ölkənin əsas regional gündəmini formalaşdırır. Rəsmi Bakının mövqeyinə görə, Cənubi Qafqaz artıq post-münaqişə dövrünə qədəm qoyub və hazırkı mərhələ “müharibədən sülhdə qələbəyə keçid” kimi xarakterizə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin Brüsseldəki son açıqlamaları da məhz bu yeni strategiyanın konturlarını ortaya qoyur.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, Hacıyev xüsusilə Zəngəzur dəhlizinə diqqət çəkərək bunun Azərbaycanın münaqişədən sonrakı geosiyasi planlamasının əsas hissəsi olduğunu vurğulayır. Onun sözlərinə görə, bu marşrut təkcə regional kommunikasiya xətti deyil, həm də Azərbaycanın sülh strategiyasının praktiki təzahürüdür.
2026-cı ildə Azərbaycanın öz ərazisində dəhlizlə bağlı bütün infrastrukturun tamamlanması planlaşdırılır. Bu isə Bakıya həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat şəbəkələrinin kəsişmə nöqtəsi olmaq imkanı yaradır. Hacıyevin fikrincə, bu dəhliz Avrasiyanın nəqliyyat landşaftına transformativ təsir göstərəcək və regionda yeni iqtisadi dinamika formalaşdıracaq.

"Bakının Zəngəzur dəhlizini yalnız regional infrastruktur layihəsi kimi deyil, həm də qlobal logistika xəritəsinin yeni damarlarından biri kimi təqdim etməsi təsadüfi deyil. Azərbaycan Avropa İttifaqını bu prosesin bir hissəsi kimi görmək niyyətini açıq şəkildə ifadə edir.
Aİ-nin “Qlobal Gateway” (Qlobal Qapı) təşəbbüsü Avropanın Asiya və Afrika ilə strateji bağlılığını gücləndirən infrastruktur və ticarət layihəsi Bakı üçün yeni əməkdaşlıq imkanları açır. Azərbaycan bu kontekstdə özünü Avrasiyanın enerji və nəqliyyat mərkəzi kimi təqdim edir və Avropa üçün alternativ, təhlükəsiz və dayanıqlı tranzit marşrutu rolunu oynamağa hazır olduğunu bildirir" - politoloq qeyib.

O, qeyd edib ki, bu yanaşma həm də Azərbaycanın son illərdə formalaşdırdığı çoxşaxəli xarici siyasət kursunun məntiqi davamıdır.

Nəsimi

Xəbər lenti