Xaricdə fəaliyyət göstərən bəzi "blogger" və ya "siyasi mühacirlər"in Azərbaycan dövlətinə qarşı anti-milli fəaliyyətinin siyasi və informasiya təhlükəsizliyi kontekstində təhlili İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial media platformalarının geniş yayılması və rəqəmsal kommunikasiya imkanlarının artması dövlətlərin qarşısında yeni çağırışlar yaratması ilə yanaşı təssüflər olsun ki, “atası-anası kor deyenlərin” də qara-sarı rənglər bazarını da “canlandırıb”.
Təbii ki, dezinformasiyaya qarşı mübarizə, milli maraqların beynəlxalq arenada və eləcədə informasiya məkanında qorunması dövlətin və onu idarə edən hökumətin əsas vəzifələrindəndir.
Bu baxımdan bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi dövlət səfərində dövlət başçısının köməkçisi Hikmət Hacıyevin xaricdə siyasi mühacir statusu ilə yaşayan, öz ampulasına uyğun Youtube kanalı yaradan, Azərbaycan mənşəli Tural Sadıqlıyla dialoqu və ona Vətən, Dövlət və Millət əleyhinə apardığ “xidmətlər”dən çəkindirən çağırışı və bu “özfəaliyyətin” yalnız insanlarda ikrah doğurduğunu çatdırması çox maraqla qarşılandı. Hətta bu günə qədər bu “blogger”ə qismən loyal yanaşanlar belə H.Hacıyevin tövsiyyə və istiqamətverici mesajlarını yüksək qiymətləndirdilər.
Prezidentin köməkçisinin qısa dialoqda hətta özünə qarşı haqsız yanaşma və qarayaxmaları “artır” deməsi, amma Dövlətə, milli maraqlara qarşı, onun nüfuzunun aşağı düşməsinə yönələn “xidmətin” bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən qəbuledilməzliyini xırdalıqla çatdırması da bu “cəbhədə” olanlara qarşı ciddi bir zərbə oldu.
Azərbaycan zatən son illər regional və beynəlxalq geosiyasi proseslərin fəal iştirakçısı kimi həm hərbi, həm siyasi, həm də informasiya müstəvisində müxtəlif təsirlərlə üzləşir. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi, ərazi bütövlüyümüzün tam bərpası və sonrakı dövrdə ölkənin artan geosiyasi rolu fonunda informasiya məkanında Azərbaycanla bağlı müxtəlif kontr mövqelər və çirkin kampaniyalar müşahidə olunur.
Bu kontekstdə xaricdə yaşayan bəzi bloqerlərin və özlərini siyasi mühacir kimi təqdim edən şəxslərin fəaliyyəti ictimai müzakirələrin predmetinə çevrilmişdir. Onların fəaliyyəti barədə həm dövlət qurumları, həm milli media, həm də geniş ictimaiyyət tərəfindən doğru-düzgün qiymətləndirmələr mövcuddur.
Əslində təkcə T.Sadıqlı deyil, onun düçüncəsində olan bəzi digər xaricdəki “blogger”lər elementar siyasi və hüquqi prinsiplər əsasında müxalifət anlayışı ilə dövlətin milli maraqlarına zərər vura biləcək fəaliyyətlər arasındakı fərqi qavramaqdan belə uzaqdırlar.
Siyasi nəzəriyyədə hökumətə müxalif olmaqla dövlətə qarşı fəaliyyət arasında mühüm fərq qoyulur. Dövlət uzunmüddətli ictimai institutdur, hakimiyyət isə müəyyən müddət üçün formalaşan idarəetmə mexanizmidir. Buna görə də siyasi sistemlərdə dövlət institutlarının legitimliyi ilə hökumətin siyasətinə münasibət eyni anlayış hesab edilmir.
Rəqəmsal platformalar məlumatın sürətlə yayılmasına imkan yaratsa da, eyni zamanda dezinformasiyanın da geniş auditoriyalara çatmasını asanlaşdırır. Qəsdən yalan və ya təhrif olunmuş məlumatların yayılması milli maraqların, dövlətin beynəlxalq nüfuzunun və iqtisadi və siyasi reytinqinin zəifləməsinə səbəb ola bilər.
Ona görə də cənab H.Hacıyevin dediyi kimi tənqidi fikir, araşdırma jurnalistikası və siyasi polemika ilə qəsdən dezinformasiya arasında fərq qoyulmalıdır.
Milli maraqlar hər bir dövlətin təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyü, iqtisadi sabitliyi və beynəlxalq nüfuzu ilə bağlı fundamental dəyərləri əhatə edir. Bu maraqlara xidmətdə isə müxaliflik olmur, milli birlik nümayiş etdirilir.
Asif Əsgərli
ADTGT İctimai Birliyinin sədri,
YAP Idarə Heyətinin üzvü