Siyasət Bugün, 14:58

TDT məkanında ortaq təhlükəsizlik arxitekturası formalaşdırılır



Azərbaycan Türk ailəsinin bir üzvü, onun aparıcı qüvvəsi kimi bu ailənin təkcə siyasi, iqtisadi, mədəni və humanitar birliyi, möhkəmləndirilməsi üçün çalışmır, eyni zamanda bu coğrafiyada təhlükəsizliyin, sabitliyin təmin olunması, ona təhdid yaradan halların zamanında adekvat addımlarla qarşısının alınmasında fəal rol oynayır. Çünki günümüzdə təhlükəsizlik anlayışı əvvəlki dövrlərlə müqayisədə daha geniş məzmun kəsb edir. Bu təkcə bizim yaşadığımız coğrafiya və Türk dünyası üçün keçərli deyil. Mövcud şərait, regional və səviyyədə cərəyan edən proseslər, münaqişə, qarşıdurma riskləri bu gün təhlükəsizliyə daha ciddi diqqət ayrılmasını zərurətə çevirir. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, kibertəhdidlər, informasiya müharibələri, hibrid təhdidlər, infrastrukturun təhlükəsizliyi və enerji-nəqliyyat sistemlərinin dayanıqlılığı dövlətlərin milli təhlükəsizlik gündəliyində diqqət yetirilmıəli olan elementlərə çevrilib. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə təhlükəsizlik məsələlərinin daha sıx əməkdaşlıq və koordinasiya əsasında həll edilməsi xüsusi əhəmiyyət daşıyır. Elə bu günlərdə Bakıda keçirilən TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin görüşü də məhz bu məqsədə xidmət edirdi.

TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin Bakı görüşü təkcə qeyd edilən sahədə günümüz üçün aktual olan məsələlərin müzakirəsi ilə yadda qalmadı. Görüşü yadda qalan edən əsas məqamlardan biri Azərbaycan Prezidenti tərəfindən toplantı iştirakçılarının qəbul edilməsi və dövlət başçısının həmin görüşdə təhlükəsizliklə bağlı mühüm mesajlar səsləndirməsi oldu. Cənab Prezident haqlı olaraq bildirdi ki, təhlükəsizlik və sabitlik olmadan davamlı inkişafdan söhbət gedə bilməz. Bu yanaşma təkcə Azərbaycan üçün keçərli deyil, hər bir ölkə, eyni zamanda TDT üzv dövlətləri üçün də aktualdır. Çünki Türk Dövlətləri Təşkilatına üzv dövlətlər mühüm geosiyasi və geoiqtisadi yolların kəsişdiyi bir məkanda yerləşirlər. Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizləri, enerji marşrutları, ticarət yolları və kommunikasiya xətləri bu coğrafiyanın strateji əhəmiyyətini artırır. Ona görə də Azərbaycan Prezidenti haqlı olaraq hesab edir ki, TDT ölkələri arasında nəqliyyat və kommunikasiya əlaqələrinin genişlənməsi ilə paralel olaraq həmin infrastrukturun təhlükəsizliyinin təmin edilməsi də mütləqdir və bu istiqamətdə təşkilata üzv ölkələr arasında koordinasiyalı fəaliyyət gücləndirilməlidir. Bunun üçünsə ilk növbədə təcrübə mübadiləsi, informasiyaların qarşılıqlı şəkildə bölüşdürülməsi zəruridir. Elə Prezident İlham Əliyev də bu nüansa xüsusi diqqət çəkərək “Dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi, hesab edirəm ki, hamımız üçün həyati əhəmiyyət daşıyır”,-deyə bildirib. Prezidentin səsləndirdiyi fikirlər və verdiyi mesajlar daha geniş mənada TDT məkanında ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir.

Günümüzdə təhlükəsizliyin yeni reallıqlarından birini də hibrid və kiber təhdidlər, ideologiya mübarizə təşkil edir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, getdikcə bu kimi təhdid üsulları artır və dövlətlər üçün ciddi problemə çevrilir. İnformasiya məkanında manipulyasiya, kibermüdaxilələr, dezinformasiya kampaniyaları, sosial sabitliyi zəiflətməyə yönəlmiş fəaliyyətlər və digər qeyri-ənənəvi vasitələr təhlükəsizliyə təsir göstərən amillər sırasındadır. Bu baxımdan Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, TDT daxilində bu məsələlər də xüsusi diqqətdə saxlanılmalı, informasiya və kibertəhlükəsizlik üzrə əməkdaşlıq üzv ölkələr arasında daha da inkişaf etdirilməlidr. Çünki istər TDT-nin təşkilat olaraq, istərsə də onun üzvlərinin ayrı-ayrılıqda inkişafı müəyyən beynəlxalq dairələri ciddi narahat edir. Bu mənada dövlət başçısı haqlı olaraq bildirib ki, “Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı. Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib. Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik.

Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır. Buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək”.

Nəhayət, Azərbaycan Liderinin fikirlərində ənənəvi olaraq yer alan Türkiyə-Azərbaycan dostluq və qardaşlığı, onun sarsılmazlığı bir daha dünyaya bəyan edildi, eyni zamanda beynəlxalq hüquqda mövcud olan boşluqlar, nizamsızlıq açıq şəkildə ifadə edildi. Prezident haqlı olaraq bildirdi ki, dünya miqyasında Azərbaycan-Türkiyə münasibətlərinə oxşar əlaqələr yoxdur:

“Bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil. Çünki burada bütün amillər birləşir. Həm tarixi əlaqələr, həm mədəni əlaqələrimiz, həm siyasi maraqlarımız, təhlükəsizliklə bağlı olan məsələlər, enerji, nəqliyyat, insanlar arasındakı əlaqələr. Yəni Türkiyə-Azərbaycan bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə.

Təbii ki, 2021-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzaladığım Şuşa Bəyannaməsi bizim münasibətlərimizin sanki zirvəsidir, tacıdır. Biz, əslində, ondan əvvəl də müttəfiq idik, amma bu Şuşa Bəyannaməsi bizi rəsmən müttəfiq etdi. Artıq o gündən demək olar ki, 5 ildən çox bir vaxt keçir və hər il, hər ay bizim birliyimiz daha da güclənir və dünyadakı apardığımız rol daha da möhkəmlənir”.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı

Xəbər lenti