“2025-ci ildə diplomatik xidmətin institusional inkişafına diqqət artırılmış, Xarici İşlər Nazirliyinin fəaliyyətinin modernləşdirilməsi, gənc diplomatların hazırlanması və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində addımlar atılmışdır. Bu, uzunmüddətli perspektivdə Azərbaycanın diplomatik imkanlarını genişləndirən mühüm amil kimi qiymətləndirilə bilər”.
Bu fikirləri
Planetinfo.az-a AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov cari ilin yekunlarını dəyərləndirərkən səsləndirib. O qeyd edib ki, ümumilikdə, 2025-ci il Azərbaycanın xarici siyasətində sülh təşəbbüsləri, regional liderlik mövqeyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi ilə seçilmiş, ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət etmişdir:
“Enerji təhlükəsizliyi, yaşıl enerji, iqlim diplomatiyası və nəqliyyat sahələrində tərəfdaşlıq ölkənin beynəlxalq etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirmişdir.
Eyni zamanda 2025-ci ildə Azərbaycanın regional nəqliyyat və kommunikasiya layihələrinə verdiyi önəm də xarici siyasətin mühüm istiqamətlərindən biri olmuşdur. Ölkə Cənubi Qafqazı, Mərkəzi Asiyanı və Avropanı birləşdirən tranzit və enerji mərkəzi kimi rolunu gücləndirməyə davam etmiş, bu da onun geosiyasi əhəmiyyətini artırmışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr regional əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır”.
Anar