Siyasət 14-11-2025, 14:44

"Qondarma Soyqırım" abidəsi qaldıqca Ermənistandan səmimi sülh gözləmək aldatmadır




"Azərbaycan Ermənistanla sülh prosesinə açıqdır və bölgədə uzunmüddətli sabitlik istəyir. Lakin bir həqiqət var ki, heç kim bunu dolayısı ilə demək istəmir. Ermənistanda yerləşən qondarma “erməni soyqırımı” abidəsi sökülmədən sülhdən danışmaq real deyil".

Planetinfo.az xəbər verir ki, bunları "Gənclərin Töhfəsi" ictimai birliyinin sədri Asim Vəliyev deyib. O bildirib ki, bu abidə tarixi saxtakarlığın rəmzidir:

"İllərdir Ermənistan cəmiyyətinə, xüsusilə gənclərə türklərin guya “soyqırım törətdiyi” kimi düşmənçiliklə yüklənmiş yalanlar təlqin edilir. Belə bir ideologiya bir ölkəni sülhə deyil, gələcək münaqişələrə aparır.

Azərbaycan tərəfdən bu məsələdə heç bir problem yoxdur. Azərbaycanda ermənilərə qarşı nifrət yaradan nə abidə, nə də saxta tarix üzərində qurulmuş simvol var. Bu da onu göstərir ki, bölgədə gərginliyi qidalandıran mənbə yalnız Ermənistan tərəfidir.
Əgər Ermənistan sülh istəyirsə, ilk növbədə bu abidəni sökməlidir. Nifrət istehsal edən, tarixi saxtalaşdıran belə bir simvol qaldığı müddətdə Ermənistanın “sülh istəyirik” deməsi sadəcə görüntüdür".

İctimai birlik sədri qeyd edib ki, sülh düşmənçilik üzərində qurula bilməz:

"Regionda etibarlı gələcək yalnız nifrət abidələrinin deyil, onların arxasındakı yalan ideologiyanın da ləğvi ilə mümkün olacaq. Ermənistan ya bu addımı atıb normal münasibətlərin yolunu açacaq, ya da keçmişin yalanlarına sığınaraq sülhü vasitə kimi istifadə edəcək".

Anar

Xəbər lenti