Siyasət 17-11-2025, 12:05

Azərbaycanın xarici siyasət konsepsiyasında Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq xüsusi yer tutur




“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı ölkəmizin təkcə Cənubi Qafqaz regionunda deyil, eyni zamanda Mərkəzi Asiyada yeri və rolunu, strateji mövqeyini sübut edən amillərdəndir. Bu fakt Mərkəzi Asiya ölkələri tərəfindən də qəbul edilir və təqdir olunur. Görüşdə çıxış edən ayrı-ayrı ölkələrin dövlət başçılarının fikirlərində bu məqam xüsusi diqqət çəkirdi”.

Bu fikirləri Planetinfo.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O bildirib ki, bu, həmçinin Azərbaycanın regional diplomatiyada aktiv rolunun artdığını göstərir:

“Azərbaycanın xarici siyasət konsepsiyasında Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq, ikitərəfli və çoxtərəfli formatda əlaqələri gücləndirmək xüsusi yer tutur. Bunu şərtləndirən isə bir sıra mühüm amillərdir. Belə ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələri ortaq türk mənşəyi ilə yanaşı, həm də ortaq dini-mədəni əlaqələr bir-birinə bağlayır. Region ölkələri ilə Azərbaycanın əməkdaşlığı Türk Dövlətləri Təşkilatı səviyyəsində çoxşaxəli və genişspektirlidir. Məşvərət Görüşü çərçivəsində əməkdaşlıq isə bu əlaqələri, bağları daha da genişləndirir, yeni-yeni imkanlar açır. Bu baxımdan, Mərkəzi Asiya ölkələrinin inteqrasiya formatına Azərbaycanın qoşulması təbii regional proses kimi dəyərləndirilir. Bidiyiniz kimi Daşkənd görüşündə Azərbaycan təşkilatın tamhüquqlu üzvünə cevrilərək bu qurumun fəliyyətində bir tarixə çevrildi. Heç şübhəsiz ki, Azərbaycanın təşkilatın tamhüquqlu üzvünə çevriməsi onun gücünə əlavə güc qatacaq, fəaliyyətini daha effektli və səmərəli edəcək”.

İlham Məmmədov qeyd edib ki, xüsusilə, nəqliyyat və logistika sahəsində əlaqələr həm Azərbaycan, həm də region ölkələri üçün faydalı olacaq:

“Mərkəzi Asiya ölkələrinin tranzit marşrutlarında Azərbaycan rolu artdıqca, Bakı-Tbilisi-Kars, “Şərq-Qərb” koridorları daha da vacib olur. Eyni zamanda Zəngəzur dəhlizinin istifadəyə verilməsi də nəqliyyat və logistika sahəsində Mərkəzi Asiya ölkələrinə yeni imkanlar açacaq. Mərkəzi Asiya ölkələri üçün Avropa bazarlarına çıxışın alternativ yolları təmin ediləcək, həmçinin iqtisadi diversifikasiyada mühüm rol oynayacaq”.

Millət vəkili onu da deyib ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü və Azərbaycanın təşkilata tamhüquqlu üzv olması regional birliyi gücləndirəcək, siyasi dialoqu inkişaf etdirəcək, iqtisadi əməkdaşlığı şaxələndirəcək.

Anar

Xəbər lenti