“Noyabrın 14-də Rusiyanın Kiyevə raket zərbələri zamanı Azərbaycanın bu şəhərdə yerləşən Ukraynadakı səfirliyini də hədəf alması “Diplomatik əlaqələr haqqında” Vyanada qəbul edilmiş Beynəlxalq Konvensiyanın kobud şəkildə pozulmasıdır”.
Bu fikirləri
Planetinfo.az-a siyasi şərhçi Əli Orucov səsləndirib. O bildirib ki, həmin Konvensiyanın tələblərinə görə səfirlik, nümayənəlik binaları, akreditə olunan şəxslər immunitetə malikdirlər və hər hansı təsirə məruz qala bilməzlər:
“Lakin Rusiya Silahlı Qüvvələri artıq ikinci dəfədir ki, Azərbaycan səfirliyinə hücum edərək ciddi dağıntılara səbəb olur. Bundan öncə isə SOCAR-ın Odessadakı bazası raket zərbələri ilə zərər görüb. Bütün bunlar isə təsadüf sayıla bilməz. Moskva bu cür təxribatları ilə Bakıya dost olmayan mesajını verməklə onu haqlı və ədalətli mövqeyindən çəkindirmək məqsədi güdür. Görünür, Rusiya Azərbaycan-Ukrayna əlaqələrinə bu minvalla mane olmaq istəyir”.
Əli Orucov qeyd edib ki, Azərbaycan dərhal bu hücuma etirazını ciddi şəkildə bildirdi və Rusiya tərəfinə etiraz notası təqdim etdi:
“BMT baş katibi və Brüssel də bununla bağlı etirazlarını açıq şəkildə ifadə etdi. Əlbəttə həyata keçirilən bu düşmənçilik pislənilməli idi. Qəribəsi ondadır ki, Moskva qeyri-qanuni hərəkətlərinə Bakıdan üzr istəmək əvəzinə ənənəsinə uyğun olaraq qabaqdan gəlmiş etməyə, mediada çirkin təbliğat kampaniyasına start verib. Kremldəki bəzi çevrələr sanki qarşılarına Azərbaycanla münasibətləri gərginləşdirmək kimi ağılsız bir vəzifə qoyublar. Bunun üçün də Bakı-Moskva arasında “məsafəni” uzaqlaşdırmağa çalışırlar”.
Anar