"Bu gün Vaşinqtonda yaxşı anlayırlar ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması, Bakı ilə İrəvan arasında birbaşa dialoq kanallarının qurulması həmin düzəlişin qəbuluna səbəb göstərilən bəhanələri tamamilə aradan qaldırıb".
Planetinfo.az xəbər verir ki, bunları siyasi ekspert Aqil Məmmədov səsləndirib. O bildirib ki, yeni reallıqdan faydalanan ABŞ Cənubi Qafqazda sabitlik və kommunikasiya layihələrində iştirak etmək istəyini nümayiş etdirir:
"Bu istəyin Bakı və İrəvan tərəfindən müsbət qarşılanması təbiidir, amma xoş niyyət yalnız birtərəfli olmamalıdır. Qarşı tərəf də öz addımı ilə bu niyyətə cavab verməli, gözləntiləri doğrultmalıdır. Bunun üçün əsas məsələ 907-ci düzəlişin tamamilə ləğv edilməsidir".
Ekspert deyib ki, praktik baxımdan, Azərbaycanın müstəqillik illərində sürətli inkişafına və iqtisadi dayanıqlığına bu düzəliş heç bir real maneə olmayıb:
"Sadəcə olaraq, ATƏT-in Minsk qrupu kimi, 907-ci düzəliş də keçmişdən qalmış, əhəmiyyətini itirmiş bir qərardır və yeni mərhələdə etibarlı əməkdaşlığın qurulması üçün o da tarixə qovuşmalıdır".
Anar