Sosial Bugün, 11:18

Xaricdə təhsil almaq istəyənlər nələrə diqqət etməlidir? – First Academy rəhbəri Vüsal Qəribovdan vacib tövsiyələr


Son illərdə xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayı sürətlə artır. ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Macarıstan və digər ölkələrdə təhsil almaq istəyən gənclərin sayı çoxalsa da, mütəxəssislər bu sahədə yanlış seçimlərin və məlumat çatışmazlığının da artdığını bildirirlər.

First Academy şirkətinin rəhbəri Vüsal Qəribovun sözlərinə görə, xaricdə təhsil almaq istəyən tələbə və valideynlərin ən böyük səhvi yalnız qəbul məktubuna fokuslanmalarıdır.

“Bir çox insan düşünür ki, əsas məsələ universitetdən qəbul almaqdır. Əslində isə qəbul məktubu prosesin yalnız bir hissəsidir. Əsas məsələ həmin ölkənin vizasını almaq, maliyyə imkanlarını düzgün planlaşdırmaq və təhsil müddətində yaranacaq xərcləri qarşılaya bilməkdir”, – deyə Vüsal Qəribov bildirib.

Ekspertin sözlərinə görə, xaricdə təhsil şirkəti seçərkən ilk növbədə həmin şirkətin əvvəlki nəticələri, məzunları və real uğur hekayələri araşdırılmalıdır.

“Valideynlər və tələbələr ilk görüşdə şirkətdən qəbul məktublarını deyil, real nəticələri soruşmalıdırlar. Daha əvvəl hansı universitetlərə qəbul alınıb? Neçə nəfər viza əldə edib? Hazırda həmin tələbələr hansı ölkələrdə təhsil alırlar? Bu sualların cavabı çox önəmlidir.”

Vüsal Qəribov qeyd edir ki, xaricdə təhsil üçün universitet seçərkən ən vacib məsələlərdən biri universitetin rəsmi akkreditasiyadan keçməsi və diplomunun tanınmasıdır.

“Təəssüf ki, bəzi hallarda tələbələr yalnız aşağı qiymətə görə universitet seçirlər. Halbuki həmin universitetin diplomunun tanınması, məzunların iş imkanları və akademik reputasiyası daha vacib amillərdir. Universitet seçimi yalnız qiymətə görə edilməməlidir.”

Mütəxəssisin sözlərinə görə, viza imtinalarının əsas səbəblərindən biri də ailənin maliyyə vəziyyəti ilə uyğun olmayan seçimlərin edilməsidir.

“Bəzən tələbəyə və ailəsinə uyğun olmayan ölkə və ya universitet seçilir. Məsələn, illik xərci çox yüksək olan proqramlara müraciət edilir, lakin maliyyə imkanları bunu tam şəkildə dəstəkləmir. Nəticədə viza mərhələsində problemlər yarana bilir.”

First Academy rəhbəri hesab edir ki, xaricdə təhsil planlaşdırılarkən ilk növbədə ailənin real büdcəsi, tələbənin akademik göstəriciləri və gələcək hədəfləri nəzərə alınmalıdır.

Digər vacib məsələ isə dil hazırlığıdır.

“Bu gün də bəzi tələbələr düşünürlər ki, dil biliyi olmadan xaricdə təhsil almaq mümkündür. Bəzi hallarda hazırlıq proqramları mövcud olsa da, ümumilikdə dil biliyi tələbənin həm viza mərhələsində, həm universitet həyatında, həm də sonrakı karyerasında həlledici rol oynayır.”

Vüsal Qəribov təqaüdlərlə bağlı verilən vədlər barədə də tələbə və valideynlərə xəbərdarlıq edib:

“Heç bir peşəkar şirkət və ya təhsil məsləhətçisi tələbəyə yüz faiz təqaüd zəmanəti verə bilməz. Təqaüdlər universitetlərin və fondların müəyyən etdiyi meyarlar əsasında təqdim olunur. Kiminsə əvvəlcədən tam zəmanət verməsi düzgün yanaşma deyil.”

Mütəxəssis xaricdə təhsil almaq istəyən şəxslərə müqavilə bağlamazdan əvvəl aşağıdakı sualları verməyi tövsiyə edir:

* Universitet akkreditasiyadan keçibmi?
* Diplom Azərbaycanda və beynəlxalq səviyyədə tanınırmı?
* Son illərdə həmin universitetin məzunlarının nəticələri necə olub?
* Ümumi təhsil və yaşayış xərcləri nə qədərdir?
* Viza göstəriciləri necədir?
* Universitet məzun olduqdan sonra iş imkanları təqdim edirmi?
* Təqaüd imkanları realdırmı?
* Təhsil müddətində tələbəyə dəstək göstəriləcəkmi?

First Academy rəhbərinin sözlərinə görə, xaricdə təhsil sahəsində ən vacib məsələ düzgün gözləntilərin formalaşdırılmasıdır.

“Biz tələbələrə yalnız qəbul almağı deyil, qəbuldan sonrakı mərhələləri də izah edirik. Xaricdə təhsil uzunmüddətli investisiyadır və qərar verərkən emosiyalarla deyil, faktlarla hərəkət etmək lazımdır.”

Qeyd edək ki, First Academy hazırda Avropa, Amerika və Asiya ölkələri üzrə müxtəlif təhsil proqramları həyata keçirir və tələbələrin qəbul, viza, sənədləşmə, dil hazırlığı və təhsil planlaması mərhələlərində məsləhət xidmətləri göstərir.

Mütəxəssislərin fikrincə, xaricdə təhsil sahəsində uğurlu nəticənin əsas sirri düzgün universitet seçimi, real maliyyə planlaması, güclü dil hazırlığı və peşəkar istiqamətləndirmədən keçir.

Xəbər lenti