“Röyters” agentliyinin məlumatına görə, Rusiyanın Ukrayna limanlarına endirdiyi zərbələr ölkənin taxıl ixracını təxminən üçdəbir azalda bilər.
Sitat: “Ukrayna dünya üzrə buğda ixracının təxminən 6%-ni, qarğıdalı ixracının isə 11%-ni həyata keçirdiyindən, ixracın azalması qlobal ərzaq bazarlarına və qiymətlərə də təsir göstərə bilər”.
Bu vəziyyətin davam etməsi Azərbaycanda çörəyin bahalaşmasına gətirib çıxaracaq?
Planetinfo.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Tahir Mirkişili Ukrayna dünyanın ən böyük taxıl ixracatçılarından biridir deyib.
“Ona görə də ölkənin liman infrastrukturuna zərbələr və ixrac imkanlarının məhdudlaşması qlobal ərzaq bazarlarında qiymət təzyiqi yarada bilər. Xüsusilə buğda və qarğıdalı üzrə təklifin azalması beynəlxalq birjalarda qiymətlərin artmasına səbəb olur. Lakin Azərbaycanın vəziyyətinə baxdıqda, çörəyin qiymətinin dərhal və ya avtomatik şəkildə bahalaşacağını söyləmək düzgün olmazdı. Bunun bir neçə səbəbi var.
Birincisi, Azərbaycan son illərdə buğda istehsalını artırır və daxili tələbatın yarıdan çoxunu yerli istehsal hesabına təmin edir. İkincisi, ölkənin strateji taxıl ehtiyatları mövcuddur ki, bu da qısamüddətli bazar şoklarının təsirini yumşaldır. Üçüncüsü, hökumət çörək və un bazarını diqqətlə izləyən və zərurət yarandıqda müdaxilə edən mexanizmlərə malikdir”.
Deputat qeyd edib ki, bununla belə, əgər Ukrayna limanlarına hücumlar uzun müddət davam edərsə və nəticədə dünya bazarında buğda qiymətləri davamlı şəkildə yüksələrsə, bu tendensiya müəyyən gecikmə ilə Azərbaycan bazarına da təsir göstərə bilər:
“Belə halda, ilk növbədə idxal olunan buğdanın maya dəyəri artar, sonrakı mərhələdə isə un və çörək məhsullarında qiymət təzyiqi yarana bilər. Hazırkı mərhələdə vəziyyəti narahatlıq üçün deyil, diqqətlə izlənilməli olan risk kimi qiymətləndirmək daha doğru olar”.