“Vərəm kasıbların xəstəliyidir” fikri cəmiyyətdə geniş yayılan, lakin tamamilə doğru olmayan yanaşmadır. Vərəm sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq hər bir insanın qarşılaşa biləcəyi infeksion xəstəlikdir.
Bunu “Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyinin sədri, vərəm xəstəlikləri üzrə həkim Taryel Həsənov saytımıza deyib.
Həkimin sözlərinə görə, sosial və məişət şəraiti vərəmin yayılma riskinə təsir edən amillərdən biri olsa da, xəstəliyi yalnız yoxsulluqla əlaqələndirmək düzgün deyil.
“Əlbəttə, insanların sıx və havalandırılmayan məkanlarda yaşaması, qeyri-kafi qidalanma, tibbi xidmətə vaxtında müraciət edilməməsi kimi amillər vərəmə yoluxma və xəstəliyin ağırlaşması riskini artıra bilər. Amma bu, o demək deyil ki, vərəm yalnız aztəminatlı insanların xəstəliyidir. İmmuniteti zəifləyən, vərəmli şəxslə təmasda olan və ya müxtəlif digər risk faktorlarına malik istənilən insan bu xəstəliklə üzləşə bilər”, – deyə Taryel Həsənov bildirib.
Mütəxəssis qeyd edib ki, vərəmlə bağlı stereotiplər xəstələrin cəmiyyətdən təcrid olunmasına və bəzən xəstəliyi gizlətməsinə səbəb ola bilər. Bu isə həm müalicənin gecikməsinə, həm də xəstəliyin nəzarətdən çıxmasına şərait yarada bilər.
“Ən böyük problemlərdən biri də xəstəyə qarşı damğalanmadır. İnsan vərəm diaqnozu aldığı zaman onu cəmiyyətdən kənarlaşdırmaq, sosial statusuna görə qiymətləndirmək doğru deyil. Əksinə, belə şəxslərin vaxtında həkimə müraciət etməsi, müalicəyə düzgün əməl etməsi və tibbi nəzarətdə olması üçün onlara dəstək göstərilməlidir”, – həkim vurğulayıb.
Taryel Həsənovun sözlərinə görə, vərəmlə mübarizədə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Əhali xəstəliyin əlamətləri, yoluxma yolları, profilaktikası və müalicəsinin mümkünlüyü barədə düzgün məlumatlandırılmalıdır.
“Vərəm müalicə olunan xəstəlikdir. Əsas məsələ xəstəliyin vaxtında aşkarlanması və müalicə rejiminə ciddi əməl edilməsidir. İnsanlar uzunmüddətli öskürək, halsızlıq, gecə tərləməsi, çəki itkisi kimi əlamətlər müşahidə etdikdə həkimə müraciət etməlidirlər. Vərəmi kasıbların xəstəliyi kimi təqdim etməkdənsə, onu hər kəs üçün aktual olan ictimai sağlamlıq problemi kimi qəbul etməliyik”, – deyə həkim əlavə edib.