Rəqəmsal texnologiyalar uşaqların və yeniyetmələrin həyatının ayrılmaz hissəsinə çevrilib. İnternet təhsil, ünsiyyət və informasiya əldə etmək üçün böyük imkanlar yaratsa da, uşaqların onlayn mühitdə üzləşə biləcəyi risklərə də diqqət yetirmək lazımdır. Xüsusilə yeniyetmə qızların şəxsi məlumatlarının qorunması və rəqəmsal təhlükəsizlik barədə maarifləndirilməsi mühüm məsələdir.
Sosial şəbəkələrdə şəxsi məlumatların paylaşılması, tanımadığı şəxslərlə ünsiyyət, kibertəzyiq və saxta məlumatlar yeniyetmələr üçün müəyyən risklər yarada bilər. Bu səbəbdən uşaqlara internetdən istifadəni sadəcə məhdudlaşdırmaq deyil, təhlükələri tanımağı və düzgün davranış qaydalarını öyrətmək daha səmərəli yanaşmadır.
Valideynlərin də rəqəmsal savadlılığının artırılması vacibdir. Bəzən valideyn uşağın internetdə nə ilə qarşılaşdığını bilmir və problem yarandıqdan sonra müdaxilə edir. Halbuki ailədə etibarlı ünsiyyət mühiti yaradılarsa, uşaq qarşılaşdığı problemi daha rahat şəkildə valideyni ilə bölüşə bilər.
Məktəblərdə və gənclər üçün təşkil olunan maarifləndirici proqramlarda rəqəmsal təhlükəsizlik mövzusuna daha çox yer ayrılmasını məqsədəuyğun hesab edirik. Qızlara şəxsi məlumatlarını qorumaq, şübhəli hesabları müəyyən etmək, kibertəzyiq zamanı düzgün addımlar atmaq və ehtiyac yarandıqda kömək üçün müraciət etmək öyrədilməlidir.
Rəqəmsal dünyanın imkanlarından uşaqları uzaqlaşdırmaq mümkün və doğru yanaşma deyil. Əsas məsələ onların bu mühitdən təhlükəsiz, məsuliyyətli və savadlı şəkildə istifadə etməsini təmin etməkdir. Bu istiqamətdə ailə, məktəb və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir.
Müzəffər Ələddinov
Fondun prezidenti