Uşaqlıq və yeniyetməlik dövründə formalaşan sağlam vərdişlər insanın sonrakı həyat tərzinə ciddi təsir göstərir. Bu baxımdan qızların düzgün qidalanma, fiziki aktivlik, şəxsi gigiyena və sağlam gündəlik rejim barədə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müasir həyat tərzi uşaqların hərəkətliliyinin azalmasına və ekran qarşısında keçirilən vaxtın artmasına səbəb ola bilər. Bu məsələdə yalnız uşağın özünü məsuliyyətli tutmaq kifayət deyil. Ailədə düzgün qidalanma və fiziki aktivlik vərdişlərinin formalaşdırılması, məktəblərdə isə sağlam həyat tərzinə dair praktiki maarifləndirmənin aparılması vacibdir.
Qızların sağlamlıq məsələləri barədə yaşlarına uyğun və düzgün məlumat əldə etməsi də mühümdür. Yeniyetməlik dövründə baş verən fiziki və emosional dəyişikliklər barədə qızlara etibarlı məlumat verilməli, onları internetdə təsadüfi və yanlış mənbələrdən məlumat axtarmaq məcburiyyətində qoymamaq üçün sağlam maarifləndirmə imkanları yaradılmalıdır.
Fond olaraq sağlam həyat tərzi ilə bağlı təlimlərin yalnız mühazirə formasında deyil, praktiki fəaliyyətlər, idman, maarifləndirici görüşlər və interaktiv proqramlar şəklində keçirilməsini dəstəkləyirik. Qızların öz sağlamlığına münasibətinin erkən yaşlardan formalaşması gələcəkdə onların həyat keyfiyyətinə də təsir göstərə bilər.
Sağlam qız sağlam ailənin və sağlam cəmiyyətin formalaşmasına töhfə verə biləcək potensiala malikdir. Buna görə uşaqların sağlamlığına yönəlmiş maarifləndirici fəaliyyətlər sosial siyasətin və vətəndaş cəmiyyəti təşəbbüslərinin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır.
Müzəffər Ələddinov
Fondun prezidenti