Gündəm Bugün, 18:10

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı




Avstraliyalı alimlər səthlə təmas zamanı virusları məhv edə bilən nazik plastik plyonka hazırlayıblar. Yeni texnologiya smartfon ekranları, klaviaturalar, qapı tutacaqları və tibbi avadanlıqlar vasitəsilə infeksiyaların yayılma riskini əhəmiyyətli dərəcədə azalda bilər.
İnnovativ plyonka materialın səthində yerləşən mikroskopik nanodayaqlar əsasında hazırlanıb. Metallar və silisiumdan istifadə edilən ənənəvi virusəleyhinə örtüklərdən fərqli olaraq, yeni yanaşma kimyəvi deyil, virusların mexaniki məhv edilməsinə əsaslanır.
Nanodayaqlar virusun xarici qişasını dartaraq onun bütövlüyünü pozur və bununla da patogenin çoxalma və hüceyrələri yoluxdurma qabiliyyətini aradan qaldırır. Tədqiqatçılar qeyd edirlər ki, qişanın deşilməsi üzərində qurulan əvvəlki yanaşmalarla müqayisədə, məhz dartılma daha səmərəli olub.
Paraqrip insan virusunun üçüncü tipi (hPIV-3) ilə aparılan laborator sınaqlar zamanı virus hissəciklərinin təxminən 94 faizi ya tam məhv edilib, ya da elə zədələnib ki, plyonka ilə təmasdan cəmi bir saat sonra infeksiya yaratmaq qabiliyyətini itirib.
Səmərəliliyin əsas amili nanodayaqlar arasındakı məsafə olub. Ən yaxşı nəticə təxminən 60 nanometr aralıqda əldə edilib. Məsafə 100 nanometrə qədər artırıldıqda qoruyucu təsir nəzərəçarpacaq dərəcədə zəifləyib, 200 nanometrdə isə demək olar ki, yoxa çıxıb.
Tədqiqatın aparıcı müəllifi Samson Manın sözlərinə görə, plyonkanın istehsalı üçün ucuz və elastik plastikdən istifadə olunur və onu adi qida plyonkası kimi sənaye miqyasında istehsal etmək mümkündür. Bu isə texnologiyanı həm məişətdə, həm də tibdə geniş tətbiq üçün perspektivli edir.
“Gələcəkdə bu cür örtüklər aqressiv kimyəvi maddələrdən istifadə etmədən təmas zamanı virusları məhv etmək üçün istifadə oluna bilər”, – deyə tədqiqatçı bildirib.
Hələlik sınaqlar yalnız mexaniki təsirə daha həssas olan, yağlı qişaya malik viruslar üzərində aparılıb. Növbəti mərhələdə texnologiyanın daha dayanıqlı, xarici qişası olmayan viruslara qarşı effektivliyi yoxlanılacaq. Alimlər, həmçinin kütləvi istehsalın başlanması üçün sənaye müəssisələri ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Xəbər lenti