ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner yaxın vaxtlarda Rusiyaya səfər edəcək.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Moskva ABŞ nümayəndələrinin səfərinin yaxın gələcəkdə baş tutacağını gözləyir. O vurğulayıb ki, Rusiya tərəfi amerikalı nümayəndələrdən Vaşinqtonun əvvəlki razılaşmaların icrasını necə planlaşdırdığını izah etməsini gözləyir. Həmin razılaşmalar ABŞ-ın öz təşəbbüsləri əsasında formalaşıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin və Donald Tramp arasında telefon danışığından sonra Uitkoff və Kuşnerin Moskvaya yeni səfəri razılaşdırılıb. Kreml də nümayəndələrin danışıqlar aparmaq üçün Rusiyaya gələcəyini təsdiqləyib.