Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan xaricdə yaşayan etnik ermənilərin Ermənistan vətəndaşlığını həddindən artıq asanlıqla əldə etdiyini bildirib.
Kazaryanın sözlərinə görə, hazırkı qaydalar erməni əsilli şəxslər üçün əlavə tələblər nəzərdə tutmur və bu vəziyyət dəyişdirilməlidir.
Nazir müavini xüsusilə Rusiyada yaşayan ermənilərin vətəndaşlıq üçün daha çox müraciət etdiyini deyib. Onun fikrincə, bunun səbəblərindən biri Ermənistan vətəndaşlığının bəzi Qərb ölkələrinə viza almağı və beynəlxalq səfərləri asanlaşdırması ola bilər.
Kazaryan hesab edir ki, mövcud sistem yenidən nəzərdən keçirilməli və vətəndaşlıq əldə etmək üçün əlavə meyarlar müəyyənləşdirilməlidir.
Bununla belə, qanunvericiliyə hansı dəyişikliklərin ediləcəyi və islahatların nə vaxt həyata keçiriləcəyi hələ açıqlanmayıb.