Zülal orqanizmin normal fəaliyyəti üçün vacibdir. Əzələlərin, immun sisteminin, hormonların və toxumaların bərpasında mühüm rol oynayan zülalın çatışmazlığı müxtəlif problemlərə səbəb ola bilər.
Bunu dietoloq Darya Rusakova bildirib.
Onun sözlərinə görə, gündəlik zülala olan minimum tələbat hər kiloqram bədən çəkisinə 0,8 qramdır. Zülal çatışmadıqda yeməkdən sonra toxluq hissi daha tez itə və bu da şirniyyata olan istəyin artmasına səbəb ola bilər.
Mütəxəssis bildirib ki, zülal çatışmazlığı həmçinin orqanizmin infeksiyalara qarşı müqavimətini azalda, yaraların sağalmasını ləngidə, dəri, saç və dırnaqların vəziyyətinə mənfi təsir göstərə bilər.
Dietoloq zülalla zəngin əsas qidalar kimi toyuq əti, mal əti, balıq, kəsmik və yumurtanı qeyd edib. Bitki mənşəli mənbələr arasında isə mərcimək, noxud, qarabaşaq və qoz-fındıq göstərilib.
Rusakova əlavə edib ki, gündəlik zülal normasını adi qidalarla qarşılamaq mümkün olmadıqda, protein əlavələrindən istifadə etmək mümkündür.