Gündəm 9-03-2026, 09:29

Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Bakıda təltif olunub

Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Bakıda təltif olunub

8 Mart - Beynəlxalq Qadınlar Günündə Bakıda “Kapellhaus”da şam işığında canlı musiqi konserti keçirilib. Axşam boyu xüsusi seçilmiş repertuar, klassik və müasir əsərlərin incə interpretasiyası ilə qadınlara həsr olunmuş duyğusal bir musiqi gecəsi təqdim edilib. Minlərlə şamın yaratdığı romantik atmosfer, canlı musiqinin sehrli sədaları və zərif səhnə tərtibatı tamaşaçılara tamam fərqli bir dünyaya aparıb.
Sonda məhz konsertində iştirak etmək üçün Rusiyadan gələn uç xanım qonaq; Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova, Ümumdünya Biznes Alyansının prezidenti Anastasiya Şikareva və həkim, psixiatr, alim, tibb elmləri namizədi Ester Vavilonskaya səhnəyə dəvət olunub. Konsertə diqqətə görə bu xanımlara təşəkkür edilib.
Sonra Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində uğurlar arzulayıb. Fuad Hüseynzadə, xüsusilə “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyinin idarə heyətinin sədri Azər Alıyevə və konsertin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd edib ki, bu cür mədəni layihələr Azərbaycan ilə digər ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Fuad Hüseynzadə çıxışında həmçinin konsertdə iştirak etmək üçün Rusiyadan gələn qonaqları da salamlayaraq onların tədbirə qatılmasının bu musiqi gecəsinə xüsusi rəng qatdığını bildirib.
Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova çıxış edərək belə bir möhtəşəm və zərif musiqi gecəsinin təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib. O qeyd edib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bu konsert qadınların cəmiyyətdəki roluna verilən dəyərin gözəl nümunəsidir.
Gülnarə Rəhimova vurğulayıb ki, musiqi insanları birləşdirən ən güclü vasitələrdən biridir və belə tədbirlər müxtəlif ölkələrdən gələn insanları mədəniyyət ətrafında bir araya gətirir. O, Bakıda belə bir tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edərək təşkilatçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ümumdünya Biznes Alyansının prezidenti Anastasiya Şikareva çıxışında bildirib ki, Bakıda belə yüksək səviyyəli və zövqlə təşkil edilmiş musiqi gecəsində iştirak etmək onun üçün böyük şərəfdir. O qeyd edib ki, konsert zamanı yaranan romantik atmosfer, minlərlə şamın işığı və canlı musiqinin ecazkar sədaları unudulmaz bir axşam bəxş edib.
Anastasiya Şikareva qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq, belə tədbirlərin qadınlara hörmət və ehtiramın gözəl ifadəsi olduğunu bildirib. O, təşkilatçılara təşəkkür edib və Azərbaycan mədəniyyətinə heyran qaldığını söyləyib.
Həkim, psixiatr, alim, tibb elmləri namizədi Ester Vavilonskaya çıxışında qeyd edib ki, musiqi insanın ruhuna təsir edən ən güclü sənət növlərindən biridir. O bildirib ki, bu cür konsertlər insanlara yalnız estetik zövq bəxş etmir, eyni zamanda mənəvi rahatlıq və müsbət enerji verir.
Ester Vavilonskaya belə bir gözəl tədbirdə iştirakından və Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun qaldığını qeyd edib. O, konsertin təşkilatçılarına və bütün iştirakçılara təşəkkürünü çatdırıb.
Daha sonra Fuad Hüseynzadə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi adından 8 Mart – Beynəlxalq Qadınlar Günü, Azərbaycan və Rusiya arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin ictimai təşəbbüslərin dəstəklənməsinə yönəlmiş fəaliyyətləri münasibətilə qonaqlara Təşəkkürnamə təqdim edib.

Xəbər lenti