“Baku Solutions” şirkəti olaraq əsas fəaliyyət istiqamətimiz "Caterpillar" məhsullarının Azərbaycandakı rəsmi nümayəndəliyidir. Fəaliyyətimiz satış və satışdan sonrakı xidmətlər üzərində qurulub. Şirkətlər qrupu olaraq Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan və Özbəkistanda da nümayəndəliklərimiz fəaliyyət göstərir”.
Bu sözləri Planetinfo.az-a açıqlamasında "Energy and Power" diviziyasının rəhbəri Bilal Khadra deyib.
Onun sözlərinə görə, şirkətin fəaliyyəti tikinti, yol infrastrukturu, mədən sənayesi, kənd təsərrüfatı, neft-qaz və enerji sektorlarını əhatə edir:
“Layihələrimiz əsasən tikinti, yol tikintisi, qızıl və digər faydalı qazıntı mədənləri, kənd təsərrüfatı və neft-qaz sənayesi sahələrini əhatə edir. Hazırda neft-qaz sektorunda dəniz platformalarında "Caterpillar" mühərriklərindən geniş istifadə olunur. Bununla yanaşı, quruda həyata keçirilən layihələrdə generatorlarımız fəaliyyət göstərir”.
B.Khadra qeyd edib ki, şirkətin texnika və avadanlıqları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də istifadə olunur.
“Bildiyiniz kimi, Qarabağda genişmiqyaslı tikinti və quruculuq işləri həyata keçirilir. Həmin layihələrdə texnikalarımız və generatorlarımızdan istifadə olunur. Eyni zamanda, elektrik enerjisi ilə təminat sahəsində də generatorlarımız müxtəlif layihələrdə tətbiq edilir”, - şirkət rəsmisi əlavə edib.