Amerika Birləşmiş Ştatları 2025-ci ilin noyabr ayında rekord həddə, 525,1 milyard kub fut (14,9 milyard kubmetr) mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edib.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatların Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, Avropa yenidən əsas istiqamətə çevrilib və bütün ixracatın təxminən 68%-ni təşkil edib.
2025-ci ilin noyabr ayında mayeləşdirilmiş təbii qaz ixracı oktyabr ayı ilə müqayisədə 4,4%, 2024-cü ilin noyabr ayı ilə müqayisədə isə 39,6% çox olub.
Əsas təchizat məntəqələri Türkiyə (69,6 milyard kub fut və ya 2 milyard kubmetr), Misir (61,4 milyard kub fut və ya 1,74 milyard kubmetr), Birləşmiş Krallıq (60,3 milyard kub fut və ya 1,71 milyard kubmetr), Niderland (43,6 milyard kub fut və ya 1,23 milyard kubmetr) və Fransa (38 milyard kub fut və ya 1,1 milyard kubmetr) olub. Bu ölkələr ABŞ-ın bütün təchizatlarının 52%-ni təşkil edib.
2025-ci ilin yanvar-noyabr aylarında ABŞ təxminən 4,937 trilyon kub fut (139,7 milyard kubmetr) LNG ixrac edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur. Ötən ilin 11 ayı ərzində ABŞ Avropaya 94,4 milyard kubmetr (ümumi həcmin 68%-i), Asiyaya isə təxminən 25,4 milyard kubmetr (ümumi həcmin 18%-i) LNG ixrac edib. Beləliklə, Avropaya çatdırılma 2024-cü ilin eyni dövrü ilə müqayisədə 65% artıb, Asiyaya çatdırılma isə 38% azalıb.
Amerika mayeləşdirilmiş təbii qazının Afrikaya daşınması təxminən dörd dəfə artaraq 11,3 milyard kubmetrə çatıb.
Anar