Siyasət Bugün, 18:49

Azərbaycançılıq ideologiyası həm də Türk dünyasında siyasi həmrəyliyin güclənməsinə töhfə verə bilər



Ülu Öndər Heydər Əliyevin bizə miras qoyduğu, hətta strateji yol xəritəmiz sayıla biləcək platforma olan Azərbaycançılıq ideologiyasının dövlətimiz və xalqımız üçün nə qədər qiymətli, dəyərli olduğunu hər ötən gün daha dərindən anlayır, onun fərqinə varırıq.

Azərbaycançılıq ideologiyasının müasir dövrdəki məzmunu dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələləri ilə də sıx bağlıdır. 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan cəmiyyətində nümayiş etdirilən həmrəylik, müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşların vahid Vətən uğrunda birləşməsi milli birliyin mühüm təzahürü idi. 2023-cü ildə Azərbaycanın suverenliyinin bütün ərazisində bərpası dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycançılıq ideyasının yalnız nəzəri düşüncə deyil, həm də xalqın ümumi iradəsi və dövlətə bağlılığını ifadə edən ictimai dəyər olduğunu göstərdi.

Azərbaycançılıq ideologiyasının fəlsəfəsinin əsas ana xəttini Azərbaycanı sevmək, dövlətimizi qorumaq, milli-mənəvi irsimizə sahib çıxmaq, fərqli düşüncə və mədəniyyətlərə hörmətlə yanaşmaq təşkil edir.

Bu baxımdan deyə bilərik ki, Azərbaycançılıq ideologiyası xalqımızın tarixi, milli-mənəvi dəyərləri, dövlətçilik ənənələri və multikultural düşüncə tərzinin formalaşmasında mühüm rol oynayan fundamental ideoloji xəttdir. Bu ideologiya yalnız milli kimliyin qorunması və dövlətçilik şüurunun möhkəmləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda dini dözümlülük, tolerantlıq, fərqli mədəniyyətlərə hörməti özündə birləşdirir.

Azərbaycançılıq ideologiyasının əsas xüsusiyyətlərindən biri müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin vahid cəmiyyət daxilində qarşılıqlı hörmət və anlaşma şəraitində yaşamasını təmin edən düşüncə modelidir. Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühiti xalqımızın mənəvi zənginliyinin, dünyaya açıq münasibətinin və sivil birgəyaşayış ənənələrinin göstəricisidir. Bu baxımdan dini dözümlülük və tolerantlıq Azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi olmaqla, ölkəmizin beynəlxalq miqyasda tanıdılmasına, mədəniyyətlərarası dialoqun inkişafına və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Məsələdən çox da kənara çıxmadan onu da qeyd etmək istəyirəm ki, 20 il əvvəl rəhbərlik etdiyim təşkilatı təsis edərkən onu adını “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyi qoymağımız da məhz Azərbaycançılıq ideologiyasına bağlılığımız, bu ideologiyanı irəli aparmaq əzmimizdən irəli gəlirdi. İctimai birliyə bu adı verməklə onu təsdiq və təbliğ edirdik ki, Azərbaycanda yaşayan digər xalqlar bu prosesdən kənarda qalmır, onlar bizim sərvətimizdir və fəaliyyətimizdə Türk dünyası ilə bərabər, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri ilə birlikdə işləmək də mühüm istiqamət təşkil edir. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın tarixən formalaşmış tolerantlıq modeli də Türk dünyasının birliyinin gücləndirilməsi prosesində mühüm təcrübə və nümunə ola bilər. Türk xalqları arasında ortaq mədəni və etnik köklər mövcud olsa da, onların yaşadıqları ölkələrin dini, sosial və mədəni xüsusiyyətləri, tarixi inkişaf yolları və ictimai ənənələri fərqlidir. Bu müxtəliflik birliyin zəifliyi deyil, düzgün yanaşma ilə onun zənginliyi və üstünlüyüdür.

Azərbaycançılıq ideologiyasının tolerantlıq prinsipi Türk dünyasının birliyinin hər hansı vahid dini, siyasi və ya sosial model əsasında deyil, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında formalaşmasını təşviq edə bilər. Bu, xalqların öz milli xüsusiyyətlərini qorumaqla yanaşı, daha geniş Türk dünyası kimliyinə bağlılığını gücləndirməyə xidmət edər.

Azərbaycançılıq eyni zamanda Türk dünyasının birliyi və həmrəyliyi ideyasının inkişafı üçün mühüm mənəvi və ideoloji zəmin yaradır. Bu baxımdan Azərbaycançılıq ideologiyasının Türk dünyasının birliyinə, həmrəyliyinə bir növ maneə kimi qiymətləndirilməsi də kökündən yalnışdır. Bu cür düşünənlərə Cənab Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk ailəsidir. Bizim başqa ailəmiz yoxdur” fikirlərini xatırlatmaq kifayət edər. Bununla paralel olaraq böyük Türk ailəsi içərisində öz növbəsində Azərbaycançılıq ideologiyası, məfkurəsini də yaşatmalıyıq. Çünki Azərbaycanın uzunmüddətli inkişaf yolu, gələcəyi Türk dünyasının birlik və bərabərliyini möhkəmləndirməklə yanaşı, həm də Azərbaycançılıq ideologiyasını, məfkurəsini irəli aparmaq, onu daha dərindən mənimsəməklə gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Güclü inkişafa, gələcəyə nail olmaq üçün mütləq tarixi reallıqları nəzərə almaq, onunla hesablaşmaq və tətbiq etmək lazımdır.

Bütün bunları nəzərə almaqla əminliklə demək olar ki, Azərbaycançılıq ideologiyası Türkçülüyün inkarına deyil, onun inkişaf etdirilməsinə xidmət edir. Azərbaycanı Türk dünyası, onun bir parçası, lokomtivi sayılan Türkiyə ilə ortaq tarix, ortaq acı və ortaq sevinc birləşdirir. Necə ki, Çanaqqala savaşında Azərbaycan Türkiyənin yanında idi, eyni ilə Bakının erməni-bolşeviklərdən azad olunmasında Nuru Paşa Azərbaycanın yanında yer aldı, Qafqaz İslam Ordusu ilə paytaxtımızı işğaldan azad etdi. Eləcə də müasir tariximizdə, yaxın keçmişimizdə Türk dünyası, Türkiyə ilə eyni acını və sevinci bölüşmüşük. Bundan sonra da eyni yolla davam edəcəyik.

Nəzər alsaq ki, Azərbaycançılıq milli kimliyə bağlılıqla yanaşı, digər xalqlara, dinlərə və mədəniyyətlərə hörmət, qarşılıqlı anlaşma, əməkdaşlıq və sülh prinsiplərini də özündə ehtiva edir, o zaman məhz bu xüsusiyyətlər onu yalnız milli ideologiya deyil, həm də Türk dünyasında birləşdirici ideoloji platformaya çevrilə biləcək mühüm amillərdən biri kimi səciyyələndirməyə imkan verir.

Günümüzdə Türk dünyasının birliyi müasir geosiyasi reallıqlar fonunda dövlətlərin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsi, milli maraqlarının müdafiəsi, regional təhlükəsizliyin təmin olunması və qlobal proseslərdə iştirak imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bu baxımdan Azərbaycançılıq ideologiyası milli maraqlara söykənən, dövlət suverenliyini əsas tutan və beynəlxalq əməkdaşlığı təşviq edən yanaşma kimi həm də Türk dünyasında siyasi həmrəyliyin gücləndirilməsinə töhfə verə bilər.

Ilham İsmayılov,

ATXƏM sədri

Xəbər lenti