İqtisadiyyat Bugün, 14:05

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Dünyanın taxta bazarında qiymətlər qalxıb. ABŞ-ın tikinti bazarında vəziyyət sabit olsa da, taxta istehsalı azalıb. Bu səbəbdən taxtanın qiyməti min “board foot” üçün 600 dollardan yuxarı təklif edilir. Bu da 1 kubmetr taxtanın 255 dollaradək bahalaşdığını göstərir. Bundan əlavə, bəzi emalatxanalar bağlanıb və Kanada taxtası baha olduğundan bazarda təklif azalıb.

Okeanın bu tayında da taxta qiymətlərində artım müşahidə olunur. Belə ki, Orta Şərqdəki vəziyyət enerji və daşımaların qiymətini artırır. Yəni taxta almaq indi daha baha başa gəlir.

Bəs bu proseslər ölkəmizin taxta bazarına necə təsir edib?

Məsələ ilə bağlı Dərnəgüldəki “Taxta bazarı”ndakı Elmidar adlı iş adamı Bizim.Media-ya bildirib ki, tikinti mövsümü yeni başlayıb:

“Bununla belə taxtanın və diktin qiymətində müəyyən artımlar var. 18-lik dikt ötən ay 26-27 manata satılırdısa, indi 30 manata təklif olunur. 2-lik taxtanın bir kubunun qiyməti hazırda 325 manatdır. 5-lik taxtanın bir kubu isə 320 manata təklif olunur. Bu da o deməkdir ki, son bir ayda taxtanın bir kubunun qiyməti 15-20 manat bahalaşıb. Nəzərə alaq ki, mövsüm yeni başlayır. Ona görə də qarşıdakı ayda qiymətlərin bir qədər də yüksələcəyi gözlənilir”.

Xəbər lenti