Görünür ki, Rusiya–Azərbaycan arasında gərgin münasibətlər güc kontekstindən çıxaraq milli-ideoloji müstəviyə keçir. Bu isə uzunmüddətli perspektivdə münasibətlərin ciddi siyasi forma dəyişikliyi deməkdir. Onsuz da Rusiyanın Azərbaycana qarşı düşmən münasibəti ayrı-ayrı faktlarla bağlı deyil, ideoloji-siyasi prinsiplərdən irəli gəlir. Bir ay əvvəl Düşənbədə Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan görüşdən sonra iki dövlət arasında münasibətlərin normallaşması gözlənilirdi. Ancaq bu görüş iki dövlət arasında yeni siyasi dövrə keçidi şərtləndirdi.
Rusiya Prezidenti Putinin Azərbaycanı “rusdilli dövlət” kimi təqdim etməsi, əslində, münasibətlərin normallaşmasının mümkünsüzlüyünü bir daha ortaya qoydu. Məsələ təkcə konkret siyasi hadisələr və ya mübahisəli situasiyalarla deyil, daha çox Rusiyanın dövlət siyasətində oturuşmuş ideoloji xəttlə bağlıdır.
Rusiya imperiya kimliyini rus dili, pravoslavlıq və “Slavyan dünyası” anlayışı üzərində qurur.
Azərbaycan isə müasir türk kimliyini, milli dövlətçiliyi və sekulyar modernizmi önə çəkir.
Bu iki ideoloji xətt artıq paralel yox, toqquşan trayektoriyaya, ideoloji qarşıdurmaya çevrilib.
Yəni bu gün Moskvanın rəsmi yanaşması artıq siyasi taktika deyil, ənənəvi rus dövlətçiliyinin ideologiyasına çevrilmiş bir doktrinasıdır, davamıdır.
Sirr deyil ki, Rusiya dirçəlişinin üç əsrlik tarixində rus dilindən siyasi vasitə, təsir aləti kimi istifadə edir. Dövrümüzdə də Moskva təkcə Azərbaycan kimi keçmiş sovet respublikalarına deyil, həm də ümumilikdə postsovet məkanına qarşı rus dilindən həm ideoloji, həm də geosiyasi nəzarət mexanizmi kimi yararlanır. Vladimir Putinin Azərbaycanın “rusdilli dövlət” adlandırılması da bu siyasətin tərkib hissəsidir.
Xüsusilə 2020-ci ildə Rusiya Prezidentinin sözçüsünün “Azərbaycanda rus dilinə dövlət statusu verilməsi hüququ var” deməsi artıq açıq siyasi mesaj idi. Bunun ardınca Qarabağa yerləşdirilən sülhməramlı qüvvələrin fəaliyyəti, Xankəndi və ətraf bölgələrdə rus icmalarının təşkili, Rusiyanın Azərbaycan daxilində öz təsir mexanizmini gücləndirmək cəhdləri ilə paralel şəkildə həyata keçirildi.
Son dövrlərdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın NATO ölkələrini də açıq təhdid edərək “rus dilini öyrənin” çağırışı da təsadüfi deyil. Bu, Kremlin dil siyasətini yalnız mədəni deyil, həm də strateji və psixoloji təzyiq vasitəsinə çevirdiyini bir daha nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə çıxışı, xüsusilə Azərbaycan dili ilə bağlı fikirləri, əslində, elə Rusiya tərəfindən illərlə yeridilən “rus dili hökmranlığı”na qarşı milli təhlükəsizlik mövqeyinin ifadəsidir. Putin “rusdilli dövlət” ifadəsi ilə siyasətini yeridərkən, İlham Əliyev “Azərbaycan dili – dövlətin dayağıdır” prinsipini dövlət strategiyasına çevirir.
Bu iki cümlə arasındakı fərq, iki dövlətin gələcək münasibətlərinin səbəbini göstərməklə əsas konturunu müəyyən edir. Prezidentin elmi və siyasi ictimaiyyət qarşısında səsləndirdiyi fikirlər konkret tapşırıq xarakterlidir.
Yəni bu, Azərbaycana yönəlik “rusdilli dövlət” siyasətinə qarşı dövlət səviyyəsində formalaşan prinsipial mövqedir və uzunmüddətli nəticələrə hesablanan sistemli işlərin başlanıldığını göstərir. Rusiyanın dil vasitəsindən istifadə edərək ictimai-siyasi mühitə, təhsil sisteminə təsirinin reallığı qəbul edilib.
Bu gün Rusiya–Azərbaycan münasibətləri yalnız protokol səviyyəsində və məcburi qonşuluq çərçivəsində davam edə bilər. Tərəflərin bir-birinə olan etimadın bərpası artıq qeyri-mümkündür. Dil məsələsi təkcə iki ölkə arasında deyil, ümumilikdə keçmiş sovet məkanında, xüsusən də Orta Asiya və türk dövlətləri ilə münasibətlərdə ciddi mübahisə və ideoloji qarşıdurma müstəvisinə keçib.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsinin 5 illiyi münasibətilə keçiriləcək hərbi paradda Türkiyə və nüvə dövləti Pakistanın iştirakı məsələsi də bu baxımdan siyasi və hərbi məzmunludur. Bu iştirak həmçinin Azərbaycana qarşı yönəlmiş rus dilinin “yumşaq güc” vasitəsinə çevrilməsi siyasətinə verilən strateji cavab kimi dəyərləndirilə bilər. Yeri gəlmişkən, 6 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib və görüş zamanı Azərbaycan Ordusunun NATO standartlarına keçdiyini bildirib.
Nəticə etibarilə, Rusiya–Azərbaycan münasibətləri milli-ideoloji və dövlətçilik prinsiplərinə uyğun distansiyalı forma alır - soyuq və ciddi. Proseslər açıq şəkildə göstərir ki, tərəflər arasında ideoloji, dil və siyasi sərhədlər konkretləşir.
Vüqar Dadaşov