Rusiya-Ukrayna müharibəsinin dördüncü ilinə daxil olarkən ABŞ tərəfindən irəli sürülən 28 maddəlik sülh planı təbii olaraq beynəlxalq gündəliyin əsas mövzusuna çevrilib. Formal olaraq “münaqişəni dayandırmaq təşəbbüsü” kimi təqdim edilsə də, sənədin məzmunu real sülhdən çox kapitulyasiya elementləri daşıyır. Ərazi məsələlərində Rusiyanın de-fakto nəzarətini tanımaq, Ukraynanın NATO-ya üzvlük perspektivini konstitusiyada qadağan etmək, ordunun gücünü məhdudlaşdırmaq kimi tələblər işğalın legitimləşdirilməsi riskini yaradır. Bu cür presedent isə beynəlxalq hüququn ən fundamental prinsipini – sərhədlərin toxunulmazlığını – zəiflədə və zor gücünə ərazi əldə etmə praktikasına təhlükəli stimul verə bilər. Yəni başqa szölə desək bu planın qəbulu gələcəkdə başqa ölkələrə “zor gücü ilə ərazi almaq olar” mesajı verməklə yanaşı Rusiyanın xüsusi hərbi əməliyyatını geosiyasi qələbəyə çevirir.
Planın geosiyasi təsirləri bununla da məhdudlaşmır. ABŞ və ümumilikdə Qərbə güvənərək Moskva ilə məsafəli siyasət yürüdən bir çox dövlət indi təhlükəsizlik baxımından risk gördüyü üçün Rusiya ilə yaxınlaşmağa məcbur qala bilər. Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz, Balkan regionları və Afrika-Orta Şərqdə Moskvanın təsiri artmaq potensialına malikdir. Dolayısı ilə, Vaşinqtonun Ukrayna sahəsində sərt mövqedən geri çəkilməsi qlobal güc balansında Rusiya və Çin üçün yeni imkanlar açır.
Bu vəziyyətdə Ukraynanın durumu xüsusilə çətindir. Prezident Zelenski ölkəsinin qarşısında iki ağır seçim olduğunu açıq şəkildə bildirir: “Ya ləyaqətimizi itirəcəyik, ya da əsas tərəfdaşımızı.” ABŞ-ın dəstəyini itirmək Kiyev üçün real təhlükə yaradır, çünki Ukraynanın hərbi gücü, hava müdafiəsi, kəşfiyyat imkanları və maliyyə dayanıqlığı böyük ölçüdə Vaşinqtonun resurslarına bağlıdır. Avropa Birliyi siyasi həmrəylik göstərsə də, ABŞ olmadan Ukraynanı uzunmüddətli şəkildə dəstəkləmək üçün nə hərbi sənaye gücünə, nə də maliyyə imkanlarına sahibdir. Aİ ölkələri daxilində parçalanma və iqtisadi yükün artması da belə bir strategiyanı davam etdirməyi çətinləşdirir.
Ərazi güzəştləri, təhlükəsizlik zəmanətlərinin qeyri-müəyyənliyi və Rusiyanın gələcəkdə mümkün hücumlarının qarşısını almaq üçün mexanizmin olmaması bu “sülh”ü çox riskli edir. Optimal yol planı tam rədd etmədən, lakin onu Ukraynanın suverenlik maraqlarına uyğun şəkildə dəyişdirmək üçün danışıqları davam etdirməkdən ibarətdir. Düşünürəm ki, xüsusilə də ərazi məsələlərində Moskvaya güzəştə gedilməməsi əsas qırmızı xətt olmalıdır.
Prosesin gedişatı həm ABŞ-Ukrayna münasibətlərinin gələcəyini, həm də Avropanın təhlükəsizlik arxitekturasının necə formalaşacağını müəyyən edəcək. Bu planın qəbul edilib-edilməməsi təkcə Ukraynanın deyil, bütövlükdə beynəlxalq nizamın gələcəyi üçün test rolunu oynayır.
Rəşad Bayramov
Politoloq