Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamilla ABŞ-yə rəsmi səfər çərçivəsində Ağ Evə gəliblər.
Planetinfo.az xəbər verir ki, onları ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayıb. Kral cütlüyü şərəflərinə təşkil olunan çay süfrəsində iştirak edib, həmçinin Ağ Evin Cənub bağını gəzərək arı pətəyinə baxış keçirib.
Bu səfər Böyük Britaniya monarxının 2007-ci ildən bəri ABŞ-yə ilk rəsmi səfəridir.
Məlumata görə, kralın proqramına ABŞ prezidenti ilə ikitərəfli görüş, Konqresdə çıxış və dövlət ziyafətində iştirak daxildir. Cütlüyün daha sonra Nyu-Yorka səfər edərək 11 sentyabr abidəsini ziyarət etməsi, ardınca Virciniyada tədbirlərə qatılması planlaşdırılır.
Qeyd edək ki, təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, Bukingem Sarayı səfərin plan üzrə davam etdiyini açıqlayıb.