“Partiyanın ləğvi proseduru yalnız məhkəmənin səlahiyyətindədir və heç bir siyasi qurum, icra hakimiyyəti və ya digər orqan siyasi partiyanı birbaşa ləğv edə bilməz”.
Bunu
Planetinfo.az-a hüquqşünas Əli İbrahimov dövlətə xəyanətdə ittiham olunan AXCP-nin ləğvi mümkünlüyündən danışarkən səsləndirib. O deyib ki, prosedur belə işlər üzrə xüsusi qaydalara uyğun aparılır:
“Əvvəlcə müvafiq dövlət orqanları, adətən Baş Prokurorluq və ya Ədliyyə Nazirliyi tərəfindən araşdırma aparır, faktları toplayır, partiyanın qanunvericiliyi pozduğunu təsdiq edən materialları məhkəməyə təqdim edir. Daha sonra məhkəmə işə baxır, tərəfləri dinləyir, sübutları qiymətləndirir və yalnız hüquqi əsaslar möhkəm təsdiqləndiyi halda ləğv qərarı çıxarır. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra partiya dövlət reyestrindən çıxarılır, onun təşkilati strukturu buraxılır, əmlakı qanunvericiliyə uyğun olaraq ya dövlətə keçir, ya da müəyyən edilmiş qaydada bölüşdürülür”.
Hüquqşünas qeyd edib ki, siyasi partiyanın ləğvi ilə yanaşı, əgər partiyanın rəhbər şəxsləri dövlətə qarşı cinayət xarakterli fəaliyyətlə məşğul olublarsa, bu zaman həmin şəxslərə qarşı ayrıca cinayət işi qaldırılması mümkündür:
“Bu məsuliyyət fərdi xarakter daşıyır və partiyanın ləğvi rəhbər şəxslərin cinayət məsuliyyətindən azad olunmasına səbəb olmur. Dövlətin konstitusiya quruluşuna, ictimai təhlükəsizliyə və siyasi sabitliyə təhdid yaradan fəaliyyətlərin qarşısının alınması demokratik sistemin özünümüdafiə mexanizmidir. Bu səbəbdən siyasi partiyanın ləğvi istisna hal olmaqla və yalnız ən ciddi hüquqi pozuntular baş verdikdə tətbiq olunur”.
Anar