Siyasət Bugün, 08:44

Hüquqi dövlət quruculuğunun əsasını təşkil edən fundamental sənəd



Ölkəmizin dövlətçilik tarixini özündə əks etdirən, müstəqillik və hüquqi dövlət quruculuğunun əsasını təşkil edən fundamental sənədin, Azərbaycan Kosntitusiyasının qənulundan 31 il keçir.

Bir qədər uzaq tarixə nəzər yetirsək görərik ki, əslində Azərbaycan Konstitusiyası 100 ildən çox yaşa malikdir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti ayrıca Konstitusiya qəbul etməsə də, lakin Cümhuriyyətin yaradılması ilə ölkədə demokratik dövlətçilik ənənələrinin əsası qoyuldu.

1920-ci ildə Azərbaycanın sovet hakimiyyəti tərəfindən işğalından sonra ölkənin siyasi və hüquqi sistemi tamamilə dəyişdi. 1921-ci il mayın 19-da Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi. Sonrakı illərdə, 1925, 1937 və 1978-ci illərdə yeni konstitusiyalar qəbul edildi və ya həmin dövr üçün mövcud olan sənədlər yeniləndi. Bu konstitusiyalar sovet siyasi sisteminin ideoloji prinsiplərinə əsaslanırdı. Bununla belə, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli dövlətçilik baxımından mühüm hadisə idi. Bu müddəanın Konstitusiyaya daxil edilməsində ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü xüsusi əhəmiyyət daşıyırdı.

1991-ci ildə Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə yeni siyasi və hüquqi sisteminin formalaşdırılması zərurəti yaranmışdı. İnsan hüquq və azadlıqlarını, dövlət idarəçiliyinin əsaslarını özündə əks etdirən, müstəqil dövlətin suverenliyini, xalq hakimiyyətini müəyyən edən yeni Konstitusiyanın hazırlanması tarixi zərurət idi. Müstəqil dövlətin Konstitusiyasının qəbul edilməsi qarşıda duran mühüm vəzifələrdən biri olsa da, lakin həmin dövrdə ölkədə hökm sürən siyasi sabitsizlik, hakimiyyət böhranı və digər bu kimi mənfi tendensiyalar ana qanunun dövrün tələblərinə uyğun hazırlanıb qəbul edilməsini mümkünsüz edirdi.

1993-cü ilin iyununda ölkədə baş verən vətəndaş qarşıdurması fonunda xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər qısa müddətdə respublikada siyasi sabitliyi bərpa etməklə parallel olaraq, dövlət quruculuğu prosesində yeni mərhələyə start vermis oldu. Beləliklə, Ümummilli Liderin birbaşa nəzarəti və ana qanunun hazırlanması məqsədilə yaradılmış xüsusi komissiyanın işində iştirakı ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiya hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda xalqın mütləq əksəriyyətinin səsi ilə qəbul edilən Azərbaycan Konstitusiyası, noyabrın 27-də qüvvəyə minərək müstəqil Azərbaycanda hüquqi və siyasi sistemin əsasını qoymuş oldu. Zaman keçdikcə dəyişən situasiyalar, müəyyən proseslər Konstitusiyaya əlavə və dəyişiklikləri zərurətə çevirirdi ki, belə zərurətdən biri 2002-ci ildə yarandı və 2002-ci il avqustun 24-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. Əslində bu həm də müstəqil Azərbaycanın konstitusion inkişafının növbəti mühüm mərhələsi idi. Həmin dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və hüquqi müdafiə mexanizmlərinin genişləndirilməsini nəzərdə tuturdu.

Azərbaycan Konstitusiyasının dəyişən zamana, mövcud reallıqlara uyğunlaşdırılması prosesi sonrakı illərdə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə də davam etdirildi. Daha dəqiq desək Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi bu illər ərzində Azərbaycanın konstitusion inkişafı yeni mərhələyə qədəm qoydu. Dövlət idarəçiliyinin modernləşdirilməsi, hüquqi sistemin təkmilləşdirilməsi, sosial dövlət prinsiplərinin inkişaf etdirilməsi və ölkənin dəyişən siyasi-iqtisadi reallıqlarına uyğun konstitusion mexanizmlərin yenilənməsi bu mərhələnin əsas istiqamətlərini təşkil etdi.

2009-cu il martın 18-də keçirilən referendumla Azərbaycan Konstitusiyasına bir sıra əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin, hüquqi münasibətlərin və sosial siyasətin müxtəlif istiqamətlərini əhatə edirdi. Konstitusion islahatlar ölkənin inkişaf dinamikasına uyğun hüquqi mexanizmlərin təkmilləşdirilməsinə yönəlmişdi.

2016-cı il sentyabrın 26-da keçirilən referendum isə Azərbaycanın konstitusion inkişafında növbəti mühüm mərhələ oldu. Referendum nəticəsində Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi, dövlət idarəçiliyinin müəyyən istiqamətlərində yeni institusional mexanizmlər formalaşdırıldı. Vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin yeddi ilə dəyişdirilməsi və digər dəyişikliklər həmin islahatların əsas nəticələri sırasında yer aldı.

İlham Əliyevin rəhbərliyi dövründə ana qanunun daha da təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik mexanizmlərinin yenilənməsi, sosial siyasətin hüquqi əsaslarının inkişafı və vətəndaşların hüquqlarının müdafiəsi oldu.

2025-ci ilin Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində mühüm siyasi və tarixi hadisə olmaqla yanaşı, eyni zamanda bu ana qanuna olan yüksək diqqətin göstəricisi idi. Çünki dövlət başçısının bu addımı Konstitusiyanın qəbulunun 30-cu ildönümünə təsadüf edirdi. Ən vacibi isə ondan ibarət idi ki, bu qərar ölkəmizin dövlət suverenliyinin tam bərpa olunması dövrü ilə üst-üstə düşürdü.

Qeyd etmək yerinə düşər ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı

Xəbər lenti