Cənubi Koreyada Xarici İşlər Nazirliyinin əməkdaşlarının məxfi məlumatları ələ keçirilib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, hakerlər Diplomatik Akademiyanın onlayn təlim platformasının serverinə daxil olaraq, təxminən 10 min istifadəçi hesabının məlumatlarını əldə ediblər.
Sızdırılan məlumatlar arasında diplomatların və digər dövlət qurumlarının əməkdaşlarının adları, identifikasiya məlumatları, elektron poçt ünvanları, şifrələnmiş parolları və vəzifələri yer alıb.
Cənubi Koreya hakimiyyəti hadisənin arxasında xarici haker qruplaşmalarının olub-olmadığını araşdırır. Hadisə ilə əlaqədar onlayn platformanın fəaliyyəti dayandırılıb və Xarici İşlər Nazirliyinin əməkdaşları məlumatlandırılıb.