İtaliyanın Bolonya şəhərində 42 yaşlı Mərakeş əsilli Abderrahim Fakirin saxlanılarkən həyatını itirməsi kütləvi etirazlara səbəb olub.
Bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, “Fakir üçün ədalət” şüarı ilə keçirilən aksiyada minlərlə insan küçələrə çıxıb. Etirazçılarla polis arasında başlayan qarşıdurma təxminən 4 saat davam edib. Polis izdihama bibər qazı, gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.
Toqquşmalar zamanı bəzi avtomobillər yandırılıb, ətraf əraziyə maddi ziyan dəyib. Hadisələrdə etirazçılar və təhlükəsizlik qüvvələri də daxil olmaqla 11 nəfər yaralanıb.
Məlumata görə, iyulun 19-da Fakir asayişi pozduğu iddiası ilə saxlanılarkən əlləri bağlanaraq yerə uzadılıb. Sosial mediada yayılan görüntülərdə iki polis əməkdaşının ona fiziki təzyiq göstərdiyi əks olunub. Daha sonra o, huşunu itirib.
Fakirin ölümü ilə bağlı Bolonya Respublika Prokurorluğu araşdırma başladıb. Hadisə üzrə 2 polis əməkdaşı və 4 tibb işçisinin istintaqa cəlb olunduğu bildirilir.