Gündəm / Dünya Bugün, 12:20

Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar



Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsi ölkənin Sulina-Çili bölgəsində Pilotsuz Uçuş Aparatını (PUA) vurub.

Bu barədə ölkə rəhbəri Nikuşor Dan özünün "Facebook" səhifəsində yazıb.

Rumıniya Prezidentinin sözlərinə görə, pilotsuz aparat iyulun 26-sı, səhər yerli vaxtla saat 10:13-də məhv edilib.

Xatırladaq ki, Dan dünən və srağagün də oxşar dron əməliyyatı ilə bağlı məlumat vermişdi. Bugünkü PUA-nı da nəzərə alsaq, bu, son üç gündə üçüncü insident sayılır.

Dan həmçinin "X" sosial şəbəkəsində yazıb ki, rəsmi Buxarest yaranmış vəziyyətlə əlaqədar qəti etirazını bildirir:

"Rusiya pilotsuz uçuş aparatlarının eyni zamanda həm NATO-nun, həm də Avropa İttifaqının hava məkanı olan Rumıniyanın hava məkanı sərhədlərini pozmağa davam etməsi yolverilməzdir".

Ölkənin Baş Prokurorluğunun araşdırmasına görə isə, vurulan dron Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunan "Şahed" tipinə aid olub.

Bundan başqa, iyul ayının ortalarında Rumıniya Silahlı Qüvvələrinin məhv etdiyi beş dəniz PUA-sının qalıqları Qara dənizin Rumıniya hissəsinə düşmüşdü. Ölkənin Müdafiə Nazirliyi onların bəzilərində partlayıcı maddələrin olduğunu bəyan edib.

Xəbər lenti