Gündəm Dün, 09:10

Dahi şairin vəfatının 115 illiyinə həsr olunan layihəyə start verildi

Dahi şairin vəfatının 115 illiyinə həsr olunan layihəyə start verildi

Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sabirin sözü, zamanın gözü” layihəsinin icrasına başlayıb. Layihə M.Ə.Sabirin vəfatının 115 illiyi münasibətilə həyata keçirilir.
Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli saytımıza bildirib ki, layihənin əsas məqsədi dahi şair M.Ə.Sabirin ölümünün 115 illiyi münasibətilə, onun əsərlərinə ötən 115 il ərzində çəkilmiş satirik illüstrasiyaları bir araya gətirmək, sənət əsərlərinin dili ilə şairin ideyalarının zaman müstəvisindəki aktuallığını nümayiş etdirmək və zəngin irsimizi müasir tamaşaçıya yenidən təqdim etməkdir: “Bu məqama, həmçinin, ədəbiyyat və incəsənətin vəhdətinin mükəmməl nəticələrini göstərmək, ədəbiyyat və incəsənətdən bir qədər uzaqlaşan gənc nəslə Sabir irsini yenilikçi, eləcə də cəlbedici formada çatdırmaq da daxildir. Bunun üçün layihə çərçivəsində M.Ə.Sabirin ictimai ideyalarının müasir dövrə inteqrasiyası mövzusunda maarifləndirici işlər aparılacaq. Sabirin irsini gənc nəslə çatdırmaq məqsədilə media və sosial platformalarda paylaşımlar ediləcək. Bütün fəaliyyətlərdə Sabirin əsas ideyalarının bu günə təsiri vurğulanaraq gənclərin fikirləri ilə müşayiət olunacaq. M.Ə.Sabirin tənqid etdiyi problemlərin bugünkü cəmiyyətlə əlaqəsi də göstəriləcək”.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində M.Ə. Sabirin satirik şeirləri əsasında hazırlanmış və İ.Rotter, Ə.Əzimzadənin klassik karikaturaları ilə yanaşı, ötən 115 ilin baxış bucağını əks etdirən müasir karikatura və illüstrasiyalardan ibarət kitab nəşr olunacaq. Həmçinin, Bakıda kitabın təqdimatı və illüstrasiyaların sərgisi nəzərdə tutulub.
Bununla yanaşı, əsərləri dövlət varidatı elan edilən M.Ə.Sabirin sosial problemlər, ədalətsizlik, ehkamçılıq, maarifsizlik, milli dəyərlərin aşınması, ailə-məişət münasibətlərindəki tənəzzül, mövcud ənənələrin zədələnməsi, erkən və qeyri-bərabər nikahlar, cəhalət və dini fanatizm kimi problemləri unikal dillə necə hədəfə alması mövzusunda mediada məqalələr dərc ediləcək.

Xəbər lenti