Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
Paşinyan bunu Hessen Sülh Mükafatının təqdimetmə mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhə dair əldə olunan razılaşmalar iki ölkənin münasibətlərində tarixi dönüş yaradıb. Paşinyan sülh prosesində İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın rolunu qeyd edib.
Paşinyan həmçinin TRIPP layihəsinin Ermənistan və Azərbaycan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsinə imkan yaradacağını deyib.
O qeyd edib ki, iki xalqın əsas vəzifəsi keçmişi deyil, qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət əsasında yeni mehriban qonşuluq münasibətlərini qurmaqdır.