Gündəm Bugün, 10:07

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycan xalqının müasir tarixində elə əlamətdar günlər vardır ki, həmin tarixlər yalnız təqvimdə müəyyən olunmuş gün deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və gələcəyə inamın rəmzinə çevrilmişdir. Məhz 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də belə mühüm tarixi günlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 20 sentyabr tarixi həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilmişdir.
20 Sentyabr eyni zamanda Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticələrindən birini ifadə edir. Bu baxımdan həmin gün xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və tarixi torpaqlarımızın dirçəldilməsi prosesinin simvolu kimi xüsusi əhəmiyyət daşıyır.Məlumdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uzunmüddətli və mürəkkəb tarixi prosesin nəticəsi olmuşdur. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın bir sıra şəhər və rayonları işğaldan azad edilmiş, 2023-cü ilin sentyabrında isə Qarabağ bölgəsində dövlət suverenliyinin tam bərpası təmin edilmişdir.
2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin bərqərar olmasının rəmzi hadisələrindən biri kimi yadda qaldı.
Xankəndidə sonrakı dövrdə sosial, təhsil, idman və digər infrastrukturların bərpasına xüsusi diqqət yetirilmişdir. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərin gələcək inkişafında təhsilin və insan kapitalının rolunu daha da artırmışdır. Universitetin əsas binasının və tələbə yataqxanasının təmir edilməsi, yeni təhsil və tibb infrastrukturlarının yaradılması Xankəndidə yeni həyat mərhələsinin formalaşmasının göstəricilərindəndir. Həmçinin, 8 noyabr 2023-cü ildə Xankəndində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi də şəhərin Azərbaycanın dövlətçilik tarixindəki yeni mərhələsinin mühüm hadisələrindən biri olmuşdur.
Xocalı adı da Azərbaycan xalqının yaddaşında xüsusi tarixi məna daşıyır. 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin bərpası ilə Xocalı şəhərində də yeni tarixi mərhələ başlandı. 2024-cü il mayın 28-dən etibarən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı başlanmışdır. Şəhərdə yaşayış binalarının, sosial obyektlərin və digər infrastrukturun bərpası Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir. Xocalı Soyqırımı Memorialının təməlinin 2024-cü il fevralın 26-da qoyulması isə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm hadisədir. Bu gün Xocalı yalnız faciə ilə xatırlanan şəhər deyil, həm də dirçəlişin, yenidənqurmanın və insanların öz doğma yurdlarına qayıdışının ünvanıdır.
Xocavənd rayonu zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri və təbii sərvətləri ilə Qarabağın mühüm bölgələrindən biridir. 2020-ci il Vətən müharibəsindən sonra Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndləri azad edilmiş, 2023-cü ilin sentyabrında isə rayonun şəhər mərkəzi də daxil olmaqla ərazidə Azərbaycanın dövlət suverenliyi tam bərpa edilmişdir. Buna görə 20 sentyabr Xocavənd şəhəri günü kimi müəyyən olunmuşdur.
Bu gün keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilir. Qeyd edim ki, 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76, Kərkicahan qəsəbəsində 43 ailə olmaqla cəmi 119 ailə, Xocalı şəhərində 144, Ballıca kəndində 246, Xanyurdu kəndində 140, Təzəbinə kəndində 180, Şuşakənd kəndində 116, Badara kəndində 109, Seyidbəyli kəndində 77, Daşbulaq kəndində 44, Xanabad kəndində 111 ailə olmaqla cəmi 1.167 ailə məskunlaşıb. Həmçinin Xocavənd şəhərində 413, Xocavənd kəndində 78, Xanoba kəndində 39, Qırmızı Bazar qəsəbəsində 213, Sos kəndində 85, Güneyxırman kəndində 39, Quzeyxırman kəndində 39, Hadrut qəsəbəsində 82 ailə olmaqla cəmi 988 ailə, Ağdərə rayonunun Talış kəndində 20, Həsənriz kəndində 292, Suqovuşan kəndində 180, Kolatağ kəndində 36, Vəngli kəndində 151, Heyvalı kəndində 46, Çapar kəndində 40, Aşağı Oratağ kəndində 111, Çıldıran kəndində 41 ailə olmaqla cəmi 917 ailə məskunlaşıb. Ümumilikdə tarixi Zəfərimizdən bu günədək dogma yurd-yuvalarına qayıdan keçmiş məcburi köçkünlərin, həmçinin Böyük Qayıdış ünvanlarının sayı bu torpaqlarda geniş miqyas alan bərpa-quruculuq işlərinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Hazırda 48 şəhər və kənddə 90 mindən artıq insan yaşayır, işləyir, təhsil alır. Təbii ki, bu, son rəqəm deyil. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı mərhələ-mərhələ davam edir.
20 Sentyabr beləliklə, yalnız keçmişdə baş vermiş hadisələri xatırlamaq üçün deyil, həm də bu şəhərlərin qarşısında açılan yeni inkişaf yolunu qeyd etmək baxımından əhəmiyyətlidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın Qarabağ bölgəsinin tarixində özünəməxsus yer tutur və onların yenidən qurulması bu tarixi şəhərlərin gələcəyinə yeni səhifə açır.



Fizuli Həsənov, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri




Xəbər lenti