"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe İsveçrənin "On" şirkətinin siması olmaq üçün "Nike" ilə çoxillik əməkdaşlığına son qoyub. Şirkət bu addımla ilk dəfə futbol butsları bazarına daxil olur.
"On" şirkətinin bəyanatında bildirilir ki, 27 yaşlı Mbappe brendin siması olmaqla yanaşı, gələcək futbol ayaqqabıları və geyimlərinin hazırlanmasında, eləcə də sınaqdan keçirilməsində birbaşa iştirak edəcək. Mbappe həmçinin İsveçrə şirkətində pay sahibi olub.
"Mən öz təcrübəmi və baxışımı yaratdığımız məhsullara gətirmək, innovasiyalar vasitəsilə mümkünsüzün sərhədlərini aşmaq və hər zaman futbolun bəxş etdiyi sevincə sadiq qalmaq istəyirəm", - deyə Mbappe bildirib.
Qeyd edək ki, Mbappe "Nike" ilə 2006-cı ildən bəri davam edən əməkdaşlığına son qoyub. Onun müqaviləsi yayda başa çatıb.