Son vaxtlar sosial şəbəkələrdə, Youtube kanallarında Azərbaycanda guya hicab qadağasının tətbiq edildiyini iddia edən yanlış məlumatlar süni şəkildə yayılır. Müşahidələr göstərir ki, bu məlumatlar xarici ölkələrdən yönləndirilir, idarə olunur və ölkəmizə qarşı növbəti təxribat xarakteri kimi “emal olunur”.
Reallıq nədir?
Azərbaycanda hicab və ya dini geyimə qadağa yoxdur. Universitetlərdə, iş yerlərində və ictimai məkanlarda vətəndaşların bu baxımdan heç bir məhdudiyyəti yoxdur. AR Nazirlər Kabineti tərəfindən dövlət ümumtəhsil müəssisələrində tətbiq olunan qaydalar isə dini geyimlə deyil, təhsil müəssisələri, buradakı təhsilalanlar və təhsilverənlər üçün müəyyən edilmiş vahid və nümunəvi geyim forması tələbləri ilə bağlıdır.
Müəllim və şagirdlərin bu qaydalara riayət etməsi tədris prosesinin əsas şərtlərindən biridir. Bu tələb xüsusi bir dini ifadəyə yönəlməyib, bütün təhsil iştirakçılarına – təhsilalanlar və təhsilverənlərə eyni dərəcədə şamil olunur.
Məktəb mühiti və təhsil sistemi
Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir: sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın (şagirdin) eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması vacibdir. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil – məktəb bütün şagirdlər üçün neytral və inklüziv mühit olmalıdır.
Məktəb mühitində uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.
Qaydaların əsl məqsədi və mahiyyəti
Məktəbli forması təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətini təşviq edir. Məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır.
Vahid məktəbli forması şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir.
Geyim kodeksinə riayət olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə töhfə verir. Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə dəstək verən vasitə kimi dəyərləndirilir.
Məktəbli geyimi məsələsi yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Məktəbli forması tədris prosesinə, yaş xüsusiyyətlərinə uyğun, rahat və praktik istifadə prinsipləri əsasında müəyyən edilir.
Dövlətin dini dəyərlərə münasibəti
Azərbaycan dövləti milli-mənəvi və dini dəyərlərə həmişə yüksək hörmətlə yanaşıb. Dövlət bayrağımızdakı yaşıl rəng İslam dininin və Azərbaycan xalqının dini irsinin simvoludur. Məscidlərin və tarixi-dini abidələrin bərpası, dini icmalara göstərilən dəstək və bu istiqamətdəki digər addımlar İslam dininə və dini irsə dövlət səviyyəsində diqqət və hörmətin göstəricisidir.
Daxili məsələyə müdaxilə yolverilməzdir
Təhsil sahəsində daxili nizam-intizam qaydalarının müəyyən edilməsi və tətbiqi müstəqil dövlət kimi Azərbaycanın daxili işidir. Heç bir xarici dövlət və ya kənar qüvvə ölkəmizin daxili məsələlərinə müdaxilə edə bilməz. Belə cəhdlər xoşniyyətdən qaynaqlanmır və təzyiq cəhdi kimi qiymətləndirilməlidir. Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
Ayıqlıq və məsuliyyət çağırışı
Cəmiyyətimiz kənardan gələn qızışdırıcı təbliğata, süni ajiotaja və müdaxilə cəhdlərinə qarşı hər zaman ayıq olmalıdır. Bu cür fəaliyyət cəmiyyətdə təfriqə və parçalanma yaratmağa xidmət edir.
Hər bir sağlam düşüncəli insan yayılan məlumatları düzgün təhlil etməli, təxribatlara isə qətiyyətlə cavab verməlidir. Yoxlanılmamış məlumatları yaymamaq və rəsmi mənbələrə istinad etmək bu məsuliyyətin ən vacib hissəsidir.
Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir.
Asif ƏSGƏRLİ
YAP İdarə Heyətinin üzvü, ADTGT İctimai Birliyinin sədri