Gündəm / İqtisadiyyat Dün, 18:00

Neftin qiyməti son 5 ayın maksimumuna çatdı



Səudiyyə Ərəbistanına husilərin hücumları nəticəsində enerji təchizatında fasilələrin yarana biləcəyi ehtimalı dünya bazarında neftin bahalaşmasına səbəb olub. Ötən ticarət sessiyasında 4 faiz artaraq son beş ayın ən yüksək həddinə çatan neft qiymətləri yüksəlişini davam etdirib.

Səhər saatlarında “Brent” markalı neftin fyuçersləri 0,2 faiz ucuzlaşaraq bir barel üçün 112,96 dollar təşkil edib. Günün ikinci yarısında isə qiymət təxminən 2 faiz yüksələrək 115 dolları ötüb. Bununla da “Brent” nefti son beş ayın ən yüksək qiymətinə çatıb.

Həftə ərzində bu markanın qiyməti təxminən 4 faiz artıb. Mövcud dinamika “Brent”in ardıcıl üçüncü həftəni də bahalaşma ilə başa vuracağını göstərir.

“Light” markalı neftin qiyməti səhər saatlarında 0,3 faiz azalaraq bir barel üçün 98,12 dollara düşsə də, sonrakı ticarət əməliyyatlarında bahalaşaraq 101 dollar həddini keçib.

Xəbər lenti