Gündəm Bugün, 12:15

Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək


Azərbaycanda sahibkarlığın inkişafını stimullaşdırmaq, istehsal və kənd təsərrüfatı obyektlərinin fəaliyyətə başlamasını asanlaşdırmaq məqsədilə yeni dövlət dəstəyi mexanizmi tətbiq ediləcək. Belə ki, 2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma xərclərinin 50 faizi dövlət tərəfindən qarşılanacaq. Qərar xüsusilə yeni biznes qurmaq və ya mövcud fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün əlavə maliyyə imkanları yarada bilər.

Bəs bu mexanizm sahibkarlıq mühitinə, kiçik və orta biznesin inkişafına, eləcə də məhsulların maya dəyərinə necə təsir göstərəcək? Dövlət dəstəyindən hansı sahibkarlar daha çox faydalana biləcək?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, elektrik şəbəkəsinə qoşulma xərcləri xüsusilə mikro, kiçik və orta sahibkarlar üçün biznesə başlamaq yolunda ciddi maneələrdən biridir.

Onun sözlərinə görə, həmin xərclərin yarısının dövlət tərəfindən qarşılanması sahibkarların həm ilkin investisiya yükünü, həm də biznesin genişləndirilməsi ilə bağlı məsrəflərini azaldacaq:

"Təbii ki, bu, xüsusilə mikro, kiçik və orta sahibkarlar üçün əhəmiyyətli dəstəkdir. Elektrik şəbəkəsinə qoşulma xərcləri biznesə başlamaq üçün ciddi əngəl yarada bilir. Dövlətin bu xərcin yarısını qarşılaması sahibkar üçün əlavə dəstək deməkdir. Eyni zamanda, biznesə başlamaq və mövcud fəaliyyəti genişləndirmək xərclərinin azalmasına gətirib çıxarır.

Ümumiyyətlə, sahibkarlıq fəaliyyətinin məsrəflərinin aşağı salınması bu sahənin inkişafına müsbət təsir göstərir. Bu istiqamətdə atılan addımların hamısını müsbət qiymətləndirirəm".

İqtisadçı qeyd edib ki, sahibkarlıq fəaliyyətinin genişlənməsi yalnız biznes sahiblərinin deyil, əmək bazarının da maraqlarına uyğundur. Çünki yeni müəssisənin yaradılması əlavə iş yerlərinin açılması deməkdir. Bununla yanaşı, sahibkarın üzləşdiyi yüksək xərclər son nəticədə məhsul və xidmətlərin qiymətinə də təsir göstərir.

"Biznesə başlayan sahibkar müəyyən risklərə gedir. Məsələn, iş qurarkən 3-5 nəfəri işə götürür. Əgər fəaliyyəti uğursuz olarsa, həmin insanları da işdən çıxarmaq məcburiyyətində qalır. Sahibkarın xərcləri yüksək olduqda isə bu məsrəfləri məhsulun qiymətinə əlavə edir və nəticədə yükü vətəndaşın, yəni müştərinin üzərinə qoyur.

Ona görə də sahibkarlığın yalnız elektrik şəbəkəsinə qoşulma xərclərini deyil, ümumilikdə bütün fəaliyyət xərclərini azaltmaq lazımdır. Məqsəd sahibkarlığa başlamağı həddindən artıq bahalı və riskli prosesə çevirməmək olmalıdır. Sahibkar iş qurmaq istəyərkən qarşısında çoxsaylı maliyyə maneələri görməməlidir. Əks halda, bu, təşəbbüskarlığın qarşısını ala bilər", - deyə X.Kərimli vurğulayıb.

İqtisadçının fikrincə, elektrik şəbəkəsinə qoşulma xərclərinin azaldılması sahibkarlıq təşəbbüslərinin artmasına, yeni müəssisələrin yaradılmasına və mövcud bizneslərin genişlənməsinə müsbət təsir göstərə bilər.

Qeyd edək ki, 2027-2030-cu illəri əhatə edən mexanizmin real iqtisadi nəticələri onun tətbiq şərtlərindən, dəstəkdən yararlana biləcək sahibkarların dairəsindən və vəsaitin ayrılması qaydasından da asılı olacaq.

Xəbər lenti