03 aprel 2026-cı il tarixində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Aprel döyüşləri – şanlı tariximiz” adlı maarifləndirici tədbir keçirilib.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin rəsmi hissəsində Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Əhməd Məlikov və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sürətli əks-həmlə əməliyyatları həyata keçirib.
Qeyd olunub ki, Aprel döyüşləri Ermənistan ordusunun “yenilməzlik” mifini darmadağın edərək xalqımızın döyüş ruhunu və vətənpərvərlik hissini daha da gücləndirib. Bu uğur 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin həm mənəvi, həm də strateji təməlini təşkil edib.
Daha sonra “Şanlı Aprel” adlı qısa film nümayiş olunub və Aprel döyüşlərinə həsr olunmuş şeir səsləndirilib.
Tədbirdə ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev aprel döyüşləri haqqında danışıb. Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, eləcə də əhəmiyyətindən bəhs edərək, Azərbaycan Ordusunun peşəkarlıqla həyata keçirdiyi əks-hücum nəticəsində onlara sarsıdıcı zərbələr vurduğunu və hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer tutduğunu bildirib.
Tədbirdə həmçinin digər müharibə iştirakçıları – Aslan Cəfərov, Elvin İbadov, Nemət Abdullayev, Ramil Qasımov, Mahur Həmidov, Kamran Zeynalov və Zöhrab Əsgərov iştirak ediblər.
Tədbir çərçivəsində gənclər tərəfindən Vətən müharibəsi iştirakçılarına müxtəlif suallar ünvanlanıb və onları maraqlandıran məqamlar ətrafında müzakirələr aparılıb.
Tədbirdə şəhid ailələrinin üzvləri – Şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova və Şəhid Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova çıxış edərək övladlarının xatirəsini ehtiramla yad ediblər.
Aprel döyüşləri Azərbaycanın dövlətçilik tarixində şanlı səhifə kimi bu gün də böyük ehtiramla anılır.