Gündəm Dün, 23:00

Böyük enerji böhranına qarşı ölkələrin ilginc addımları: İşçilərə qısaqollu köynək çağırışı



Hörmüz boğazında davam edən gərginlik səbəbindən enerji tədarük zəncirinin qırılması qlobal miqyasda ciddi böhrana yol açıb.

Enerji resurslarından asılı olan ölkələr "qara qızıl"ın çatışmazlığını aradan qaldırmaq üçün fövqəladə tədbirlərə əl atıblar. Bu prosesdə ən çox təsirə məruz qalan isə enerji idxalından birbaşa asılı olan Asiya regionudur.

Enerji təhlükəsizliyini təmin etmək istəyən bir sıra dövlətlər "yaşıl enerji" hədəflərini bir kənara qoyaraq, yenidən kömürə üz tutublar.

Yaponiyada kömürlə işləyən elektrik stansiyalarının yenidən enerji bazarına tam gücü ilə dönməsinə icazə verilib. Cənubi Koreyada isə elektrik enerjisi istehsalında kömürdən istifadə ilə bağlı əvvəllər tətbiq edilən ekoloji məhdudiyyətlər müvəqqəti olaraq ləğv olunub.

Cənub və Cənubi-Şərqi Asiya ölkələri enerji sərfinin azaldılması üçün daha radikal və diqqətçəkən addımlar atıb. Şri Lankada enerji qənaəti üçün rəsmi iş günləri 4 günə endirilib. Vyetnamda müəssisələrə işçiləri "evdən iş" (remote work) sisteminə keçirməklə ofis enerji xərclərini azaltmaları üçün çağırış edilib.

Taylandda isə hökumət rəsmi binalarda və iş yerlərində kondisionerlərin istifadəsini minimuma endirməyi tapşırıb. Bununla bağlı ən maraqlı addım isə "dress-code"un dəyişdirilməsi olub: rəsmi yerlərdə pencək və qalstuk əvəzinə qısaqollu köynəklərin geyinilməsi təşviq edilib. Hətta Taylandın xəbər aparıcıları efirdə pencəklərini çıxardaraq bu çağırışa dəstək veriblər.

Mütəxəssislər bildirir ki, bu addımlar enerji çatışmazlığının yaratdığı iqtisadi zərəri azaltmaq üçün atılan "təcili yardım" xarakterli tədbirlərdir. Lakin uzunmüddətli perspektivdə, əgər Hörmüz boğazındakı gərginlik diplomatik yolla çözülməzsə, dünya iqtisadiyyatını daha ciddi bir durğunluq gözləyir.

Xəbər lenti