Bu gün Birləşmiş Ərəb Əmirlikləri sürətlə inkişaf edən uğurlu dövlətlərdən biridir. Əlbəttə ki, qazanılan uğurlar və davamlı inkişaf bizi çox sevindirir. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələr hər iki ölkə rəhbərinin müdrik siyasəti nəticəsində dərinləşir.
Planetinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.
O, qeyd edib ki, cari ilin sentyabr ayında Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Qarabağa tarixi səfəri dostluq və həmrəyliyimizin, strateji tərəfdaşlığımızın bariz nümunəsidir. Səfər çərçivəsində əməkdaşlığımızı yeni mərhələyə yüksəldən bir sıra mühüm sənədlər, o cümlədən xüsusi əhəmiyyətə malik “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb:
"Sevindirici haldır ki, ikitərəfli münasibətlərdə iqtisadi gündəliyimiz zəngindir və ticarət, investisiyalar, enerji sahələrində qarşılıqlı faydalı və uğurlu əməkdaşlığı müşahidə edirik.
Biz bu ilin iyul ayında Əbu-Dabiyə baş tutan ali səviyyəli səfər çərçivəsində “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”ni imzaladıq. Sənəd ölkələrimiz arasında ticarət dövriyyəsinin və investisiya axınlarının artmasına, daha rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi tərəfdaşlığın qurulmasına xidmət edəcək.
Ticarət və investisiya əlaqələrinin genişlənməsində sahibkarların rolu nəzərə alınaraq, Birgə Biznes Şuranın yaradılması qərara alınıb. Sözügedən yeni institusional mexanizm biznes dairələri arasında əməkdaşlığın daha yüksək müstəviyə yüksəldilməsinə öz töhfəsini verəcək".
Nəsimi