Azərbaycan Sahibkarlar Konfederasiyası, Şərqi Anadolu İnkişaf Agentliyi (DAKA) və Van Ticarət və Sənaye Palatasının (Van TSO) əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin daha da gücləndirilməsi məqsədilə azərbaycanlı sahibkarların iştirakı ilə onlayn görüş təşkil olunub.
Planetinfo.az xəbər verir ki, görüşdə Van vilayətinin turizm, logistika, kənd təsərrüfatı və heyvandarlıq, qida sənayesi, bərpa olunan enerji və xidmət sahələrində təqdim etdiyi investisiya imkanları barədə ətraflı təqdimatlar keçirilib. İştirakçılara regionun iqtisadi potensialı, investorlar üçün yaradılan əlverişli şərait və dövlət dəstəyi mexanizmləri haqqında geniş məlumat verilib.
Tədbir zamanı, həmçinin Azərbaycan və Türkiyənin iş adamları arasında birbaşa işgüzar əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub. Tərəflər iki qardaş ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Onlayn görüş iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və bu cür platformaların gələcəkdə də davam etdirilməsinin ikitərəfli biznes əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.
Anar