"İranda son günlərdə baş verənlərin başlanğıc nöqtəsi valyuta şokudur. Rialın sürətli dəyər itirməsi qiymətləri dərhal qaldırır, alıcılıq qabiliyyətini öldürür və bazarda psixoloji panika yaradır. Bu panika isə iqtisadi narazılığı siyasi narazılığa çevirir. İnflyasiya isə artıq statistik göstəricidən gündəlik yaşayışın ölçüsünə çevrilib".
Planetinfo.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, əsas çörək, ərzaq, gündəlik xərclər insanların hiss etdiyi real inflyasiyanı daha yüksəldir:
"Qara bazarda dollar məzənnəsi hökumətin manipulyasiya edə bilmədiyi canlı indikator kimi işləyir. Rəsmi inflyasiya ilə real hiss edilən inflyasiya arasındakı fərq böhranı yüksəldir. Valyuta bazarına müdaxilə psixoloji böhran hissini boğmağa və inflyasiyanı yavaşıtmağa hesablansa da, sərt sanksiya şəraitində bu balans davamlı qoruna bilmir.
Hakimiyyətin iqtisadi manevr sahəsi hər gün daralır. Sanksiya təzyiqi, 12 günlük müharibə sonrası zədələnmə, büdcə sıxıntısı, subsidiyaların sızma və korrupsiya kanalları eyni anda işləyir. Üstəlik enerji və su çatışmazlığı sənaye istehsalını dayandırır. Bu isə inflyasiyanı təkcə tələb yox, həm də təklif tərəfdən də böyüdür. Belə şəraitdə iqtisadi tədbir görmək zərurətdir, amma hər tədbirin öz riski var".
Eldəniz Əmirov qeyd edib ki, hökumət etirazı söndürmək üçün iqtisadi addımlar atmağa məcbur olur:
"Lakin həmin addımların özü yeni qiymət dalğası yarada bilər. Subsidiyaların mexanizmi dəyişəndə sistemin bir hissəsində korrupsiya azalır, digər hissəsində qısamüddətli bahalaşma riski artır. Maaş artımı, ƏDV endirimi, əsas mallar üçün subsidiyalı valyuta, çörək və təqaüd xərcləri kimi büdcə paketləri sosial amortizator rolunu oynayır. Amma bu paketlər fiskal riskləri də böyüdür.
İnternetin və telefon xətlərinin kəsilməsi isə ikiqat iqtisadi zərbədir. Bir tərəfdən etirazların koordinasiyasını zəiflətmək üçün siyasi alət olsa da, digər tərəfdən iqtisadi dövriyyəni dondurur. Xidmət sektoru, logistika, maliyyə tranzaksiyaları, məlumat axını kəsiləndə bazarın normal işləmə qabiliyyəti pozulur. Uçuşların ləğvi kimi detallar da daxildə ticarət dövriyyəsinin, xaricdə isə sığorta və daşınma risk qiymətləndirməsinin sərtləşdiyini göstərir. Paralel olaraq ölənlərin və həbs dalğasının artması riskin dərəcəsini yüksəldən indikatordır. Yəni ölüm və həbs siyasi gözləntilərlə paralel, iqtisadi gözləntiləri də sərtləşdirir".
İqtiadçının sözlərinə görə, makro səviyyədə ən mühüm işarələrdən biri proqnozların dəyişməsidir:
"Artım gözləntilərinin daralmaya çevrilməsi o deməkdir ki, şok artıq yalnız küçədə və bazarda deyil, makro göstəricilərin özündə də oturub. İnvestor üçün bu riskin müvəqqəti olmadığını deyən siqnaldır. Belə yerdə əsas problem sabahın qeyri-müəyynliyidir.
Hadisələrin neft qiymətlərinə təsirinə gəlincə, neft bazarı həm aşağı, həm yuxarı istiqamətdə işləyə bilər. İranın hasilat və ixrac miqyası Venesueladan böyük olduğuna görə siyasi yumşalma olarsa, sanksiyaların zəifləməsi və investisiya axını nəticəsində təklif artımı (neft satışı) mümkündür. Amma xaos dərinləşərsə region sabitliyi və nəqliyyat təhlükəsizliyi riskləri qiyməti sıçrada bilər. Buna görə də belə hadisələr həm təklif artımı ümidini, həm də azalma qorxusunu eyni vaxtda yaradır.
Digər diqqət cəlb etməli istiqamətlərdən biri Hörmüz boğazıdır. Oradan gündə təxminən 20 milyon barel neft keçir. Bu isə qlobal istehlakın 1/5-nə bərabərdir. LNG ticarətinin də əhəmiyyətli hissəsi həmin boğazdan keçir. Alternativ marşrutlari isə məhduddur, yəni risk yüksələn kimi daşınma və sığorta xərci dərhal artır və bu xərc qiymətə risk kimi oturur. Bu istiqamətdə həssas olan isə daha çox Asiya bazarlarıdır. Çünki əsas axın istiqaməti elə oradır.
Buna görə də bahalaşma üçün Hörmüzün bağlanması şərt deyil. Hər zaman qeyd etdiyim kimi müasir dünyada proqnozlar və ehtimallar qiymətlərə tələb-təklifdən daha çox təsir göstərir. Çünki, bazar artıq çox vaxt bağlanma ehtimalının özünü qiymətə yazır. Gərginlik uzandıqca qlobal iqtisadi nəticə tək enerji qiyməti ilə məhdudlaşmır, logistika və tədarük zənciri xərcləri üzərindən inflyasiyaya da çevrilir. Bir sözlə, İran məsələsinin iqtisadi özəlliyi odur ki, daxildə valyuta və yaşayış xərci böhranı, xaricdə isə risk faktorları və Hörmüz kanalı eyni anda işləyir".
Anar