“Artıq uzun illərdir ki, Azərbaycan Dünya İqtisadi Forumunun (Davos Forumu) aktiv iştirakçılarından biridir. Forumun hər bir toplatısına, illik görüşlərinə Azərbaycan liderinin dəvət edilməsi Prezident İlham Əliyevin həm şəxsi liderlik nüfuzu, həm də Azərbaycanın regionda və beynəlxalq arenada artan rolunun göstəricisidir”.
Bu fikirləri
Planetinfo.az-a iqtisad elmləri doktoru Arzuman Muradlı Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və keçirdiyi görüşləri şərh edərkən səsləndirib. O bildirib ki, səfərin ilk günündən dövlət başçısının çoxsaylı görüşlər keçirməsi Azərbaycana olan marağın, ayrı-ayrı ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar və transmilli korporasiyaların Bakı ilə əməkdaşlığa xüsusi diqqət yetirdiklərinin sübutudur:
“Bildiyiniz kimi Davos Dünya İqtisadi Forumu qlobal siyasi və iqtisadi elitanın toplandığı ən nüfuzlu platformalardan biridir. Buraya dəvət olunmaq ölkənin beynəlxalq gündəmdə mühüm aktor kimi qəbul edildiyini göstərir. Prezident İlham Əliyevin bu platformada iştirakı Azərbaycanın regional deyil, qlobal proseslərdə də söz sahibi olan dövlət kimi qəbul edildiyini nümayiş etdirir. Yanvarın 19-dan başlayaraq Azərbaycan lideri Davosda xeyli sayda görüş keçirib. Görüşlərdə enerji sahəsində əməkdaşlıqdan tutmuş, nəqliyyat logistika sahəsində əlaqələr, yaşıl enerji, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində mümkün imkanlar müzakirə edilib”.
Arzuman Muradlı qeyd edib ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən strateji mövqeyə, zəngin enerji resurslarına və mühüm nəqliyyat-logistika layihələrinə malik olduğundan ölkəmizə olan marağın artması da təbiidir:
“Davos kimi forumlarda Azərbaycanın enerji təhlükəsizliyi, alternativ enerji, nəqliyyat dəhlizləri və regional sabitlik məsələlərində rolu xüsusi maraq doğurur. Bu da ölkəyə olan diqqətin artmasının əsas səbəblərindən biridir. Bu kimi platformalar eyni zamanda Azərbaycanın investisiya mühitinin qlobal miqyasda təqdimatı və xarici investorların ölkəmizə cəlb edilməsi baxımından da əhəmiyyətlidir”.
Arzuman Muradlı, “Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə praqmatik, konkret və milli maraqlara əsaslanan mövqeyi ilə tanınır. Davos kimi platformalarda onun çıxışları və görüşləri Azərbaycanın mövqeyinin birbaşa, vasitəsiz şəkildə dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır. Burada aparılan görüşlər, ikitərəfli təmaslar ölkəyə yeni investisiyaların cəlb olunmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verir.
Belə bir tədbirə dəvət olunmaq beynəlxalq ictimaiyyətin Azərbaycana siyasi etimad göstərdiyini də ifadə edir. Bu, ölkənin müstəqil siyasət yürütməsi, regional sabitliyə verdiyi töhfə və beynəlxalq öhdəliklərinə sadiqliyinin tanınması kimi dəyərləndirilə bilər”,-deyə vurğulayıb.
Anar