Mərkəzi Asiya artıq sadəcə enerji bazarı deyil, həm də rəqib güclər arasında nüfuz savaşı və strateji təsir mübarizəsinin əsas poliqonuna çevrilib. ABŞ-ın regiona dönüşü, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün genişlənməsi, Rusiyanın “Avrasiya İttifaqı” formatında təsirini saxlamağa çalışması və Türkiyənin Türk Dövlətləri Təşkilatı vasitəsilə inteqrasiya siyasəti Mərkəzi Asiyanı yeni geopolitik qovşağa çevirib.
Bunu
Planetinfo.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
O, qeyd edib ki, bu baxımdan ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə C5+1 formatında keçirilən Zirvə görüşü Vaşinqtonun regiona yönələn siyasətinin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir:
"Bu görüş, bir tərəfdən, ABŞ-ın Asiya siyasətində prioritetlərin dəyişməsini, digər tərəfdən isə Rusiyanın Ukraynada davam edən müharibəsi və Çinin artan iqtisadi təsiri fonunda Avrasiyada yaranan strateji boşluğu doldurmaq cəhdini əks etdirir".
M.Bünyadlı deyib ki, ABŞ-ın Mərkəzi Asiyada fəallaşması təsadüfi deyil. Region həm Moskva, həm də Pekin üçün həyati əhəmiyyət daşıyır. Rusiya Mərkəzi Asiyanı hələ də öz “təbii təsir zonası” hesab edir, Çin isə “Bir Kəmər – Bir Yol” təşəbbüsü çərçivəsində bu bölgəni iqtisadi ekspansiyanın əsas halqası kimi görür.
Vaşinqton üçün C5+1 formatında dialoqun dərinləşdirilməsi iki əsas məqsədə xidmət edir:
" Birinci, Rusiyanın geosiyasi təsir dairəsini məhdudlaşdırmaq. Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ Mərkəzi Asiyada siyasi və iqtisadi əlaqələri gücləndirməklə Moskvanın arxa cəbhəsində təsir imkanlarını zəiflətməyə çalışır.
İkinci, Vaşinqtonun Moskvanı atəşkəsə vadar etmək məqsədi. ABŞ-ın Mərkəzi Asiyada mövqelərinin möhkəmlənməsinin arxasında yalnız iqtisadi maraqlar və enerji resurslarına çıxış istəyi deyil, həm də geosiyasi təzyiq mexanizmlərinin formalaşdırılması dayanır.
Vaşinqton anlayır ki, Rusiya üçün Mərkəzi Asiya strateji arxa cəbhə, iqtisadi və təhlükəsizlik tamponu rolunu oynayır. Bu regionda Amerikanın mövqelərinin güclənməsi Moskvanın regional təsir imkanlarını zəiflədir, onu həm diplomatik, həm də iqtisadi cəhətdən dar çərçivəyə salır".
Nəsimi