Gündəm / Dünya Dün, 18:11

Alimlər Çernobılda şok fakt aşkarladı: 40 il keçsə də, təhlükə qalır



Çernobıl faciəsindən 40 il keçməsinə baxmayaraq, bölgədəki radioaktiv təhlükənin uzun illər davam edə biləcəyi məlum olub. Yeni araşdırma zamanı 1986-cı il partlayışı nəticəsində ətrafa yayılan bəzi radioaktiv hissəciklərin onilliklər ərzində, demək olar ki, dəyişmədiyi müəyyən edilib.

Bununla bağlı Almaniyadakı Leybnits Hannover Universiteti və Helmholts Drezden-Rossendorf tədqiqat mərkəzinin alimləri tərəfindən tədqiqat aparılıb.

Tədqiqatçılar Çernobılda iki fərqli nöqtədən götürülmüş altı radioaktiv hissəciyi qabaqcıl rentgen texnologiyası ilə araşdırıblar. Nəticələr bəzi hissəciklərin təxminən 40 il ərzində xarici təsirlərə baxmayaraq, ilkin nüvə yanacağı quruluşlarının böyük hissəsini qoruduğunu göstərib.

Diametrləri cəmi 8-50 mikrometr arasında dəyişən bu hissəciklər “qaynar hissəciklər” adlandırılır. Onlar bu gün də Çernobıl təcrid zonasında və ətraf ərazilərin torpaqlarında mövcuddur. Bildirilib ki, bəzi radioaktiv hissəciklər asanlıqla mikroskopik toz formasına parçalana bilir. Küləklə yayılan belə hissəciklərin nəfəs yolu ilə orqanizmə daxil olması insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Araşdırmanın müəlliflərindən Tobias Ueissenborn əldə olunan nəticələrin Çernobıldakı bütün radioaktiv hissəciklərə şamil edilə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, tədqiqat cəmi altı hissəcik üzərində aparıldığı üçün daha dəqiq nəticələrə gəlmək məqsədilə əlavə nümunələr araşdırılmalıdır.

Ueissenborn bildirib ki, hətta hissəciklərin əksəriyyəti oxşar sürətlə parçalanarsa belə, daha davamlı olan bəzi hissəciklər radioaktiv maddələri ətraf mühitə xeyli gec buraxa bilər.

Qeyd edək ki, araşdırmanın nəticələri “Journal of Hazardous Materials” jurnalında dərc olunub.

Xəbər lenti