Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Qardabani şəhərində yerləşən Marağa məscidi əsaslı yenidənqurma işlərindən sonra dindarların istifadəsinə verilib.
Məscidin açılışı münasibətilə keçirilən mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyev, Qardabani şəhərinin meri David Karqareteli, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri, rəsmi şəxslər, ziyalılar və dindarlar iştirak ediblər.
Gürcüstandajı soydaşlarımızdan Planetinfo.az-a verilən məlumata görə, tədbirdə çıxış edənlər bildiriblər ki, Marağa məscidi bölgənin dini və mədəni həyatında mühüm yer tutur. Məscid Gürcüstanda yaşayan azərbaycanlı icmasının əsas dini mərkəzlərindən biri olmaqla, yerli əhali tərəfindən fəal şəkildə istifadə olunur.
Qeyd olunub ki, məscidin tarixi 1825-ci ilə gedib çıxır. Bu fakt Marağa məscidini Gürcüstandakı ən qədim məscidlərdən birinə çevirir. Tikilinin memarlıq üslubu klassik İslam memarlığını əks etdirir və bölgənin dini-mədəni irsinin qorunmasında mühüm rol oynayır.
Məscid Qardabani şəhərinin mərkəzində, 9 Aprel küçəsində yerləşir. Burada cümə və bayram namazları qılınır, dini mərasimlər və maarifləndirici tədbirlər keçirilir. Marağa məscidi eyni zamanda yerli icma üçün sosial və mədəni bir mərkəz funksiyasını da yerinə yetirir.
Çıxışlarda vurğulanıb ki, Sovetlər dönəmində insanlar dini inanclarından uzaq salınmışdı, lakin bu gün Gürcüstanda din azadlığı təmin olunur. Bildirilib ki, Marağa məscidi Qardabani sakinləri üçün bir nemətdir və bu nemətlərdən biri də Gürcüstan dövlətinin dini icmalara göstərdiyi qayğıdır.
Marağa məscidinin yenidən istifadəyə verilməsi tolerantlıq və birgə yaşayışın bariz nümunəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, bu gün Gürcüstanın ən qədim məscidlərindən biri olan Marağa məscidinin öz tarixi görkəminə qovuşmasına şahidlik olunur. Bu münasibətlə BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyev Gürcüstan müsəlman icmasını təbrik edib.
Məlumat verilib ki, məscid xeyriyyəçi Hacı Fərhad Əliyevin dəstəyi ilə bərpa olunub. Məscidin minarəsinin inşası isə Azad Nemətov tərəfindən həyata keçirilib. Çıxışlarda Marağa məscidinin gələcək nəsillərə ötürülən mənəvi irs olduğu xüsusi vurğulanıb.
O da bildirilib ki, Gürcüstan regionda tolerantlıq ənənələri ilə seçilən ölkələrdən biridir. Dövlət bütün dini icmalara qayğı göstərir və bu siyasət təkcə daxili sabitliyə deyil, eyni zamanda ölkənin beynəlxalq nüfuzunun və turizmin inkişafına da töhfə verir.
Nəsimi