Özbəkistan – Azərbaycan münasibətləri tarixən qardaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanmış, bu gün isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Xalqlarımızı birləşdirən ortaq tarix, ortaq mədəniyyət, mənəvi köklər və qarşılıqlı dəstək ən yüksək səviyyədə inkişaf etməkdə davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə söylədiyi fikirlər bu qardaşlığın dərinliyini bir daha vurğulamışdır. Dövlət başçımız qeyd etmişdir ki, Özbəkistan daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəyişməz olaraq dəstəkləyib. Bu, təkcə siyasi mövqenin ifadəsi deyil, qardaş ölkəmizin prinsipial, ədalətli və qətiyyətli dayanışmasının açıq təcəssümüdür.
Özbəkistanın 44 günlük Vətən müharibəsindən sonra Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə verdiyi töhfə isə xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Fürsətdən istifadə edərək, qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm.”
Bu məktəb – Mirzə Uluqbəy adına Füzuli məktəbi – təkcə bir təhsil ocağı deyil. Bu, Azərbaycan və Özbəkistan qardaşlığının rəmzi, iki dövlətin sarsılmaz dostluğunun və gələcək nəsillərə ünvanlanmış dəyərli yadigarının bariz nümunəsidir. Bu layihə həm də onların bir daha göstərir ki, Özbəkistan Azərbaycan üçün sadəcə tərəfdaş deyil, qardaş dövlətdir.
Özbəkistanın Qarabağda inşa etdiyi məktəb azad edilmiş ərazilərimizin dirçəlişinə real töhfə olmaqla yanaşı, minlərlə gəncin gələcəyinə ümid və inkişaf yolunu açır. Bu təşəbbüs xalqlarımız arasında mənəvi bağların daha da dərinləşməsinə xidmət edir.
Özbəkistanda Azərbaycan diasporu olaraq biz bu yüksək səviyyəli münasibətləri fəxrlə qeyd edir, iki dövlət rəhbərləri – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında mövcud olan şəxsi dostluğu və siyasi qarşılıqlı etimadı ən böyük sərvət hesab edirik.
RAzMMM olaraq inanırıq ki, Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da daha da möhkəmlənəcək, regional əməkdaşlıq, humanitar əlaqələr və mədəni inteqrasiya sahələrində yeni imkanlar açacaq.
Mobil Məmmədov
Özbəkistan Respublikası
RAzMMM-in sədri