Region 24-11-2025, 09:29

Ombudsman Kaxetidə etnik azlıqlar şurasının üzvləri ilə görüş keçirib

Ombudsman Kaxetidə etnik azlıqlar şurasının üzvləri ilə görüş keçirib
Xalq Müdafiəçisi-Ombudsman Levan İoseliani Kaxetidə etnik azlıqlar şurasının üzvləri və onların nümayəndələri, o cümlədən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov ilə iki günlük görüş keçirib.

Planetinfo.az xəbər verir ki, görüşün əsas mövzusu milli azlıqların hüquqi vəziyyəti və onların qarşısında duran sistemli baryerlər olub. Müzakirələr zamanı aşağıdakı məsələlərə diqqət yönəldilib:

İctimai xidmətlərə çıxış və məşğulluq imkanları;

İki dilli və ümumi təhsilin keyfiyyəti, müəllim çatışmazlığı və tədris resurslarının əlçatanlığı;

Dövlət dilinin öyrənilməsinə dəstək və ali təhsilə çıxış;

Səhiyyə sistemində mövcud dil və informasiya baryerləri;

Medianın əlçatanlığı və İctimai Yayımçının rolu;

Milli azlıqlarla əlaqələrin gücləndirilməsi və onların nümayəndəsi olan məhkumların hüquqi vəziyyəti.

Müzakirələr zamanı bir neçə məsələ xüsusi diqqət tələb edən problem kimi önə çıxarıldı — xüsusilə dil baryerləri, xidmətlərə qeyri-kafi çıxış, resurs çatışmazlığı və regionlar səviyyəsində məlumatlandırmanın zəifliyi.

Milli azlıqların nümayəndələri qeyd etdilər ki, əlavə araşdırma və daha ətraflı izah tələb edən məsələlər barəsində Xalq Müdafiəçisinə əlavə məlumat təqdim edəcəklər ki, problemlərin həlli daha sistemli və davamlı xarakter alsın.

Xalq Müdafiəçisi isə bildirdi ki, mövcud problemlərin hər biri üzrə aktiv işləməyə hazırdır, bütün tərəfləri dinləməyə və xüsusilə vətəndaşların bərabər hüquqlarına bilavasitə təsir edən mövzulara xüsusi diqqət ayırmağa sadiqdir.

Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri azərbaycanlı icması üçün aktual olan bütün problemləri təqdim ediblər və təcili həll tələb edən ehtiyacların önəmini vurğulayıblar.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov müzakirələrə fəal şəkildə qoşulub, etnik azərbaycanlı icmanın qarşılaşdığı çətinlikləri ətraflı olaraq izah edib və problemlərin həlli yollarının tapılması istiqamətində bütün tərəflərin səylərini dəstəkləyib.

Görüşdə azərbaycanlılardan Hüseyn Yusubov, Mübariz Qarayev, Səbinə Talıbova, Əli Məmmədov, Leyla Məmmədova və Gültəkin Mustafayeva iştirak ediblər.

Görüş gələcək əməkdaşlığın daha da gücləndirilməsi niyyəti ilə başa çatıb.

Nəsimi

Xəbər lenti