Azərbaycanda yas mərasimlərinin təşkili, xüsusilə dəbdəbəli ehsan süfrələrinin açılması uzun illərdir cəmiyyətdə ən çox müzakirə mövzulardan biridir. Son dövrlərdə isə ölkənin müxtəlif bölgələrində israfçılığın qarşısını almaq və yas sahibinin maddi yükünü azaltmaq məqsədilə kütləvi ehsan süfrələrinin ləğv edilməsi geniş yayılıb.
Metbuat.az bu mövzuda araşdırma apararkən məlum olub ki, son illər yas çadırlarının sanki bir rəqabət meydanına çevrilməsi cəmiyyətdə ciddi narazılıq doğururdu. Bu problemin həlli üçün artıq regional səviyyədə qətiyyətli addımlar atılır və bir çox rayonlarımızda dəbdəbəli ehsan süfrələri tarixə qovuşur.
Azərbaycanda ehsan məsələsində ən dayanıqlı nümunəni Naxçıvan Muxtar Respublikası nümayiş etdirir. Naxçıvanda hələ illər öncə tətbiq edilən daxili qaydalara əsasən, yas mərasimlərində kütləvi yemək verilməsi ənənəsi tamamilə aradan qaldırılıb. İnzibati və sosial dəyişikliklərdən asılı olmayaraq, bölgə əhalisi bu gün də həmin qaydalara ciddi şəkildə riayət edir; yas yerlərində insanlara sadəcə çay və çayın yanında xurma, halva təklif olunur.
Naxçıvanın uğurlu təcrübəsi və cəmiyyətdən gələn kütləvi çağırışlar son illərdə respublikanın digər bölgələrini də hərəkətə gətirib. Yerli daxili qərarlar, rayon ağsaqqalları, din xadimləri və icma nümayəndələrinin ortaq rəyi ilə dəbdəbəli ehsan süfrələrindən imtina edən rayonların sayı sürətlə artır.
Son dövrlərdə bu qərarı rəsmən elan edən və ya ciddi şəkildə icra edən rayonlar bunlardır:
Quba rayonu: Rayon ziyalıları, din xadimləri, qazilər və ağsaqqalların iştirakı ilə keçirilən iclasda qubalılar yas məclislərini yalnız çay süfrəsi ilə təşkil etmək barədə ortaq qərar qəbul ediblər.
Qax rayonu: Rayon mərkəzini və bütün kəndləri əhatə edən xüsusi qərarla yas mərasimlərində yemək süfrələrinin açılması tamamilə dayandırılıb.
İmişli rayonu: Rayon kəndlərində və mərkəzdə din xadimlərinin də dəstəyi ilə təmtəraqlı ehsanlar yığışdırılıb, mərasimlərin yalnız çay, xurma və halva ilə keçirilməsi ənənəsi formalaşıb.
Sabirabad, Saatlı və Kürdəmir rayonları: Bu aran rayonlarında da yerli icmaların təşəbbüsü ilə ehsan süfrələrində yemək verilməsi dayandırılıb və sadəliyə üstünlük verilməyə başlanıb.
Sumqayıt şəhəri: Böyük sənaye şəhərlərindən olan Sumqayıtda da israfçılığın qarşısını almaq məqsədilə dəbdəbəli ehsan məclislərinin çay süfrəsi ilə əvəzlənməsi prosesinə başlanılıb. Amma şəhərdəki mərasim evlərində dədbdəbəli yas məclislərinin təşkil edilməsi hallarına da rast gəlinir.
Bunlardan əlavə, Şamaxı, İsmayıllı, Oğuz, Ağsu, Biləsuvar, Samux və Balakən rayonlarının bir çox kənd və qəsəbələrində yerli rəhbərlik, bələdiyyələr və kənd ağsaqqalları sakinlərə bu barədə ciddi tövsiyələr verirlər. Bir çox ərazilərdə bu tövsiyələr artıq yazılmamış qanun statusu alıb. Yas sahibinə maddi ziyan vurmamaq üçün kənd nümayəndələri və din xadimləri əvvəlcədən ailə ilə danışaraq süfrəyə yalnız çay qoyulmasını təmin edirlər. Bu müsbət tendensiyanın yaxın gələcəkdə digər böyük şəhərləri və paytaxtı da əhatə edəcəyi gözlənilir.