Sosial Bugün, 11:18

Ədliyyə Nazirliyi bələdiyyələr üçün seminar-müşavirələr keçirib

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsində “Bələdiyyələrdə idarəetmənin təkmilləşdirilməsi: metodoloji dəstək və xarakterik nöqsanların müzakirəsi” mövzusunda seminar-müşavirələr keçirilib.


Bu barədə Planetinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, tədbirlərdə Bakı bələdiyyələrinin, Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri iştirak ediblər.


Seminarlar zamanı 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planından, həmçinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlər müzakirə edilib. Bu çərçivədə yerli özünüidarəetmə orqanlarında texnoloji potensialın gücləndirilməsi, əməkdaşların rəqəmsal bacarıqlarının artırılması və fəaliyyətin dövlət səviyyəsində müəyyən edilmiş rəqəmsal inkişaf prioritetlərinə uyğun qurulmasının vacibliyi vurğulanıb.

Bununla yanaşı, “2025-ci il üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”nin Milli Məclisdə müzakirəsinin nəticələri, deputatlar tərəfindən səsləndirilən təkliflər və görüləcək tədbirlər barədə məlumat verilib.


Eyni zamanda, inzibati nəzarət və metodoloji yardımın nəticələrinin təhlili əsasında bələdiyyələrdə vergilərin düzgün hesablanması, büdcələrin proqnozlaşdırılması və icrası ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasının, risk yaradan halların qarşısının alınmasının, vətəndaş məmnunluğunun artırılmasının və etik davranış qaydalarına əməl edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.


Tədbirlərdə 56 nəfər iştirak edib. Sonda bələdiyyə nümayəndələrinin fikir və təklifləri dinlənilib.

Xəbər lenti